Son dövrlər internet məkanında qanunsuz onlayn kazino və mərc oyunlarının sürətlə yayıldığını görürük. Sosial şəbəkələrdə “asan qazanc”, “yüksək bonus” və “pulsuz balans” kimi vədlərlə yayılan reklamlar çoxsaylı insanı bu qanunsuz fəaliyyətlərə cəlb edir. İlk baxışdan sərfəli görünən bu təkliflər isə əksər hallarda vətəndaşların pul vəsaitini itirməsi, şəxsi məlumatlarının ələ keçirilməsi və hüquqi problemlərlə üzləşməsi ilə nəticələnir. Əsasən lisenziyası olmayan və qanunsuz fəaliyyət göstərən “Mostbet”, “MelBet”, “Pin-Up”, “1xBet”, “Betbuta” və “10linelotto” kimi platformalardan istifadə ciddi risk deməkdir. Mütəxəssislər bildirirlər ki, bu cür platformaların əsas təhlükəsi onların heç bir dövlət nəzarəti altında fəaliyyət göstərməməsidir.
Qanunsuz onlayn mərc və şans oyunlarına qarşı hüquq-mühafizə orqanlarının mübarizəsi də davam etdirilir. Belə ki, Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyatlar nəticəsində bu sahədə fəaliyyət göstərən şəxslər və cinayətkar şəbəkələr müəyyən edilərək məsuliyyətə cəlb olunur. Son əməliyyatlar da göstərir ki, qanunsuz mərc və şans oyunlarını təşkil edən şəxslərin fəaliyyəti nəzarətdə saxlanılır.
Eyni zamanda, dövlət bu sahədə qanunvericiliyin daha da sərtləşdirilməsi istiqamətində addımlar atır. Milli Məclisdə müzakirə olunan qanun layihəsində virtual platformalarda qumar oyunlarının təşkili və keçirilməsi, yetkinlik yaşına çatmayanların bu fəaliyyətə cəlb edilməsi hallarında daha ağır cəzaların tətbiqi nəzərdə tutulur. Layihəyə əsasən, belə əməllərə görə cinayət yolu ilə əldə edilən gəlirin iki mislinədək cərimə, 2 ildən 4 ilədək azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrumetmə cəzası tətbiq ediləcək. Əgər cinayət mütəşəkkil dəstə tərəfindən və ya külli miqdarda gəlir əldə edilməklə törədilərsə, azadlıqdan məhrumetmə müddətinin 3 ildən 5 ilədək artırılması təklif olunur. Bununla yanaşı, qumar oyunlarının təşkili və bu məqsədlə yer ayrılmasına görə də cəzaların sərtləşdirilməsi planlaşdırılır. Mövcud qanunvericilikdə nəzərdə tutulan 4 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzasının aşağı həddinin 5 ilə qaldırılması təklif edilir.
Bunun əhəmiyyəti nə olacaq? Qanun layihəsinin məqsədi nədir?
Globalinfo.az-a danışan Milli Məclisin komitə sədri Fazil Mustafa deyib ki, ölkəmizdə mərc oyunları lisenziya qaydasında həyat keçirilir:
“Lakin son dönəmlərdə virtual məkandan istifadə edərək qanunsuz şəkildə fəaliyyət göstərən qumar və mərc oyunlarının şahidi oluruq. Bu yayğınlaşma bir sıra problemlərə səbəb olunduğuna görə qanunvericilik bu məsələyə müdaxilə etməyi nəzərdə tutur.
Fazil Mustafa
Burada da əsasən qanunsuz virtual məkanda bu oyunların təşkili, eləcə də yeniyetmələrin bu prosesə cəlb olunmasının nə qədər böyük problemlər yaratdığını nəzərə alaraq sanksiyaların ağırlaşmasından söhbət gedir. Bundan sonrakı dövrdə hər hansı bir formada bu məkanlardan istifadə edərək belə oyunların təşkil olunması, bura şəxslərin cəlb edilməsi ciddi şəkildə cəzalandırılacaqdır”.
Deputat Razi Nurullayev bildirib ki, qanunsuz şəkildə fəaliyyət göstərən qumar oyunlarının, xüsusilə də virtual platformalar üzərindən sürətlə yayılmasının artıq ciddi sosial problemə çevrilməsi səbəbindən qanunvericilik sərtləşdirilir:
“Qanun layihəsinin məqsədi yalnız qanunsuz qumar təşkilatçılarını cəzalandırmaq deyil, həm də vətəndaşları bu təhlükədən qorumaqdır. Virtual platformalarda qumarın təşkili, yetkinlik yaşına çatmayanların bu fəaliyyətə cəlb edilməsi, qrup halında törədilməsi və böyük gəlir əldə olunması kimi hallara daha ağır cəzaların tətbiqi profilaktik baxımdan da mühüm əhəmiyyət daşıyır”.
Razi Nurullayev
Deputat vurğulayıb ki, beynəlxalq təcrübədə də oxşar yanaşma mövcuddur:
“Almaniya, Fransa, İtaliya və Birləşmiş Krallıq qanunsuz onlayn qumar fəaliyyətinə, xüsusilə azyaşlıların cəlb edilməsinə və lisenziyasız operatorlara qarşı ciddi sanksiyalar tətbiq edir. Bununla bərabər, cəzaların sərtləşdirilməsi ilə yanaşı, qanunsuz platformalara çıxışın məhdudlaşdırılması və maarifləndirmə tədbirlərinin genişləndirilməsi də vacibdir. Bu qanun layihəsi insanların maliyyə təhlükəsizliyinin və cəmiyyətin sosial sabitliyinin qorunmasına xidmət edir”.
Hüquqşünas Ellada Bayramova isə qeyd edib ki, qanun layihəsinin əsas məqsədi vətəndaşları maliyyə itkilərindən qorumaqdır:
Ellada Bayramova
“Eyni zamanda, məqsəd qanunsuz onlayn qumar fəaliyyətinin qarşısını almaq və bu sahədə cinayət məsuliyyəni gücləndirməkdən ibarətdir. Qanunun əhəmiyyəti isə daha sərt qumar təşkilatçılığına qarşı çəkindirici təsir göstərərək virtual platformada nəzarəti gücləndirəcək və böyük kütlənin maddi zərər görməsi riskini azaltmağa xidmət edəcək”.
Ləman İmran
Globalinfo.az