pasinyan 89

Ermənistanda keçirilən parlament seçkisindən artıq bir ay ötür. Baş nazir Nikol Paşinyan səs çoxluğu ilə qalib gəlib. Digər tərəfdən, o, hazırkı fəaliyyət planı çərçivəsində Azərbaycanla sülh müqaviləsinin imzalanması istiqamətində daha müsbət mesajlar verməyə başlayıb. 5 iyulda – Ermənistan Konstitusiya Günü ilə bağlı çıxışında isə ölkə konstitusiyasına dəyişiklik məsələsini də gündəmə gətirib. Görünən odur ki, fəaliyyət planı çərçivəsində diqqətçəkən addımlar atılacaq. Digər maraq doğuran məsələlərdən biri də Ermənistanın Rusiya və Avropa İttifaqı (Aİ) ilə münasibətlərinin növbəti mərhələdə hansı istiqamətdə inkişaf edəcəyidir.

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, Ermənistan Konstitusiya Məhkəməsi seçki nəticələrini tanıyıb:

“Bundan sonra Paşinyanın legitimliyi məsələsi də öz həllini tapdı. Bununla bağlı ciddi problem olmadığı əvvəldən də məlum idi. Lakin Rusiya tərəfi Paşinyana təzyiqi davam etdirmək məqsədilə hələ də onu təbrik etməyib. Paşinyan bundan sonra rəqiblərinə, xüsusilə də rusiyayönümlü qüvvələrə qarşı sərt addımlarını davam etdirəcək. Onlarla bağlı cinayət işləri və istintaq araşdırmaları gündəmdədir”.

oqtay qasimov 5

Oqtay Qasımov

Politoloq qeyd edib ki, Azərbaycanla yekun sülhün imzalanması məsələsinə gəldikdə isə, bu istiqamətdə müsbət mesajlar verilir:

“Lakin bu bəyanatlarla yanaşı, əməli addımlar da izlənilməlidir. Azərbaycanla sülhün əldə olunması üçün Ermənistan konstitusiyasında dəyişikliklər aparılmalı və bunun üçün referendum keçirilməsi zəruridir. Doğrudur, Nikol Paşinyan reallıqları qəbul edir və Azərbaycan, eləcə də Türkiyə ilə münasibətlərin normallaşmasının Ermənistan üçün vacibliyini anlayır.

Eyni zamanda o, Rusiya ilə əlaqələrin birdən-birə kəsilməsinin mümkün olmadığını da başa düşür. Bu, həm Ermənistan, həm də Paşinyan üçün ciddi nəticələr doğura bilər. Ona görə də Paşinyan Rusiya ilə münasibətləri qorumaqla yanaşı, Avropa İttifaqı ilə əməkdaşlığı da gücləndirməyə çalışacaq”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: