iran.png

İranın mərhum ali rəhbəri Ayətullah Seyid Əli Xameneinin vida mərasimi liderlərin, xarici dövlət rəsmilərinin iştirakı ilə yanaşı, digər bir çox detalla da yadda qaldı. Mətbuatda və sosial şəbəkələrdə ən çox gündəm olan məsələ isə Xameneinin cənazəsinin qarşısına hər dövlətdən nümayəndələr gəldikcə fonda səsələnən Qurani-Kərim ayələri oldu.

Xüsusilə Türkiyə, Livan və Səudiyyə Ərəbistanı nümayəndələrinin cənazə qarşısında dayandığı anlarda səslənən ayələr müzakirələrə səbəb olub. Bəziləri bunun təsadüf olduğunu desə də, “Tabnak” və “Fararu” kimi mühafizəkar nəşrlər qəsdən edildiyini yazır, bunun “ictimai diplomatiyada yenilik” və həmin ölkələrə Tehranın mesajı olduğunu bildirir.

Səudiyyə Ərəbistanı

İslamın iki ayrı qolunu təmsil edən və zaman-zaman İranla gərginlik yaşayan, Tehranın düşməni Vaşinqtonla sıx əməkdaşlıq edən, hətta son müharibədə ABŞ-ı dəstəklədiyi bildirilən Səudiyyə Ərəbistanı nümayəndələrinin gəlişi zamanı “Əl İmran” surəsindən 13-cü ayə oxunub və Bədr quyuları savaşı xatırladılıb:

“Bədrdə qarşı-qarşıya gələn bu iki qrupda sizlər üçün böyük ibrət var. Biri Allah yolunda mübarizə aparan mömin qrup, digəri isə kafirlərdir. Onlar kafirlərin sayca iki qat artıq olduqlarını öz gözləri ilə görürdülər. Allah istədiyi kəsi Öz köməyi ilə qüvvətləndirir. Həqiqətən, bunda bəsirət sahibləri üçün bir ibrət vardır”.

Türkiyə məsələsi

Digər bir qalmaqal isə Türkiyə nümayəndə heyətinin Xameneinin cənazəsinə hörmət duruşu zamanı səsləndirilən ayəyə görə yaşanıb. Sözügedən anlar sosial şəbəkələrdə geniş yayılıb və birmənalı qarşılanmayıb. İnsanlar müharibədə İranı müdafiə edən əsas tərəflərdən birinin Türkiyə və türk xalqı olduğunu bildirir, belə bir mesajın verilməsini tənqid edirlər. Səsləndirilən “Nisa” surəsinin 95-ci ayəsində deyilir:

“Möminlərdən – üzürsüz olaraq (cihada getməyib evdə) oturanlarla Allah yolunda öz malları və canları ilə cihad edənlər eyni olmazlar. Allah öz malları və canları ilə cihad edənləri (evdə) oturanlardan dərəcə etibarilə üstün etdi. Allah (onların) hamısına ən gözəl nemət (Cənnət) vəd etmişdir. Allah mücahidləri evdə oturanlardan böyük bir mükafatla üstün etmişdir”.

Maraqlıdır ki, Taliban nümayəndələrinin gəlişi zamanı “Əl-Fəth” ayəsi oxunub: “Həqiqətən biz sənə açıq-aşkar bir zəfər bəxş etdik”.

Ardıcılı olaraq HƏMAS qruplaşmasının duruşunda “Əl-Əhzab” surəsindən, “Hizbullah”da isə “Əl-Maidə” surəsindən ayələr oxunub, müsbət dini bağlılıq mesajları verilib. Yəmənin “Ənsarallah” qruplaşmasında da “Əl-Fəth” surəsindən 95-ci ayə oxunub və bənzər mesajlar verilib. Beləliklə, iddialara əsasən İranın üç məşhur proksisi İslamın prinsiplərinə sadiq döyüşçülər kimi təqdim olunub.

Azərbaycan mesajı

Azərbaycan nümayəndə heyətinin gəlişi zamanı “Əl-İmran” surəsindən 139-cu ayə oxunub. Ayədə deyilir: “Acizlik göstərməyin və kədərlənməyin. Möminsinizsə, üstün olacaqsız”. Bu, Bakıya nisbətən müsbət, daha çox neytral mesaj kimi dəyərləndirilib. Xüsusilə, Səudiyyə Ərəbistanı, Qətər, TürkiyəLivan hökumətlərinin nümayəndələrinin cənazədə iştirakı zamanı səsləndirilən və “tənqidi mesaj” kimi qəbul edilən ayələrdən kəskin şəkildə fərqlənməsi diqqət çəkib.

Həmçinin Pakistan nümayəndələrinin gəlişi “İsra” surəsinin 80-ci ayəsinə təsadüf edib: De: “Ey Rəbbim! Məni daxil olacağım yerə yaxşılıqla daxil et; məni çıxacağım yerdən də yaxşılıqla çıxart. Öz tərəfindən mənə yardım edən bir dəlil ver!”.

40 günlük müharibədə İranın ən böyük dəstəkçilərindən olduğu deyilən Çin nümayəndələrində isə “Ənfal” surəsinin 10-cu ayəsi səsləndirilib: Allah bunu yalnız bir müjdə olsun və qəlbləriniz bununla sakit olsun deyə etdi”.

Qurani-Kərim ayələrinin səslənməsi sadəcə dövlət nümayəndələri deyil, İslam İnqilabının öndəri Ruhullah Xomeyninin ailə üzvləri üçün də diplomatik mesaj kimi dəyərləndirildi. Keçmiş liderin nəvəsi Həsən Xomeyni tabuna yaxınlaşdıqca Türkiyə nümayəndələrinin gəlişi zamanı səslənən “Nisa” surəsinin 95-ci ayəsi yenidən oxunmağa başladı: “Allah öz malları və canları ilə cihad edənləri (evdə) oturanlardan dərəcə etibarilə üstün etdi”. İddiaıara görə, Həsən Xomeyni bundan sonra mərasimi tərk edib, ertəsi gün də keçirilən mərasimə qatılmayıb. H. Xomeyni İranın hazırkı dini rejim rəhbərliyi deyil, islahatçı düşərgəyə yaxın biri kimi görülür.

Quran ayələri üzərindən verilən meajlar İranda da birmənalı qarşılanmayıb. Bəziləri bunu müharibə dövründə sərgilənən yanaşmalara uyğun doğru atılmış addım adlandırıb. Bəziləri isə başsağlığı vermək üçün Tehrana səfər edən xarici ölkə rəsmilərinə qarşı bu hərəkətin doğru olmadığını bildirib. Lakin İran KİV və böyük əksəriyyət ayələrin təsadüfən səslənmədiyi, hər ölkəyə görə seçildiyi iddiasında həmfikirdir.

Beləliklə, müasir dövrün ən qalmaqallı liderlərindən birinin cənazəsi yeni bir diplomatik gedişlə yadda qaldı. Artıq dünya mediası və sosial şəbəkələrdə bu, “Quran diplomatiyası” adlandırılır.

Bununla belə, Ayətullah Seyid Əli Xameneinin vida mərasimi davam edir. O, iyulun 9-da Məşəddə dəfn olunacaq.

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: