suruculuk vesiqesi ela

Yol-nəqliyyat hadisələrinin baş verməsində əsas səbəblərdən biri kimi gənc sürücülər göstərilir. Bu fonda cəmiyyətdə sürücülük vəsiqəsinin verilmə yaşının artırılması ilə bağlı fikirlər də səsləndirilir. Bir qrup vətəndaş hesab edir ki, sürücülük vəsiqəsi 18 yaşdan deyil, daha gec – ən azı 25 yaşdan sonra verilməlidir. Digər tərəfdən, bəzi ekspertlər isə mövcud yanaşmaya yenidən baxılmasını təklif edirlər. Onların fikrincə, əgər artıq müəyyən nəqliyyat vasitələrini idarə etmək üçün 16 yaşdan etibarən vəsiqə tələb olunursa, bu halda avtomobil idarə etmək üçün də daha erkən yaşdan imtahan verilməsi və uyğun kateqoriyalar üzrə icazə verilməsi müzakirə oluna bilər.

Sürücülük vəsiqəsinin alınma yaşı artırıla bilərmi? Belə bir qərar yol hərəkəti təhlükəsizliyinə necə təsir göstərə bilər?

Globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlının fikrincə, yol-nəqliyyat hadisələrinin baş verməsini yalnız gənc sürücülərlə əlaqələndirmək düzgün yanaşma deyil:

“Bu, kifayət qədər mürəkkəb məsələdir və qəzaların yaranmasına təsir edən çoxsaylı amillər mövcuddur. Burada yol infrastrukturunun vəziyyəti, yol hərəkətinin təşkili, avtomobil parkının keyfiyyəti, küçələrin işıqlandırılması, yol nişanları və nişanlanma xətləri kimi vacib faktorlar kompleks şəkildə qiymətləndirilməlidir. Küçələrin və magistral yolların kifayət qədər işıqlandırılması yol hərəkəti təhlükəsizliyinin əsas şərtlərindən biridir. Təəssüf ki, bu problemlər gündəmə gətiriləndə bəzi qurumlar tənqidi qərəz kimi qəbul edir. Halbuki məqsəd kimisə ittiham etmək deyil, insanların həyatını qorumaqdır. Çünki təhlükəsizlik sahəsindəki səhlənkarlıq insanların həyatına başa gəlir, ölümlərə, ağır xəsarətlərə və ömürlük əlilliklərə səbəb olur. Yolların düzgün layihələndirilməsi, nişanlanma xətlərinin aydın olması, yol nişanlarının standartlara uyğun yerləşdirilməsi və müasir işıqlandırma sistemlərinin qurulması qəzaların qarşısının alınmasında mühüm rol oynayır”.

elmeddin45

Elməddin Muradlı

Ekspertin sözlərinə görə, digər ciddi problemlərdən biri ölkədəki avtomobil parkının köhnə olmasıdır:

“Uzun illər istismar edilmiş, dəfələrlə qəzaya düşmüş və ya texniki cəhətdən köhnəlmiş avtomobillər qəza zamanı daha ağır nəticələrə səbəb olur. Eyni model avtomobilin yeni istehsal olunmuş versiyası müasir təhlükəsizlik sistemləri sayəsində sərnişinləri daha yaxşı qoruyur. Halbuki uzun müddət istifadə olunmuş və texniki vəziyyəti zəif olan avtomobillərdə qəzanın nəticələri daha faciəvi ola bilir. Bununla yanaşı, keyfiyyətsiz ehtiyat hissələrinin ölkəyə gətirilməsi də ciddi risk yaradır. Ucuz və standartlara cavab verməyən ehtiyat hissələrinin istifadəsi avtomobillərin təhlükəsizlik səviyyəsini aşağı salır və qəza riskini artırır. Bu sahəyə nəzarət daha da gücləndirilməlidir”.

Elməddin Muradlı deyib ki, qəzaların səbəbini yalnız sürücünün yaşı ilə izah etmək doğru deyil:

“Gənclər daha çox qəza törədir” və ya “yaşlı sürücülər təhlükəlidir” kimi ümumiləşdirmələr problemi həll etmir. Yol-nəqliyyat hadisələri çoxsaylı amillərin birgə təsiri nəticəsində baş verir və hər bir hadisə ayrıca qiymətləndirilməlidir. Bu baxımdan sürücülük vəsiqəsinin verilmə yaşının artırılması da effektiv həll yolu hesab edilə bilməz. 18 yaş sürücülük hüququ əldə etmək üçün kifayət qədər uyğundur. Əsas məsələ namizədlərin necə hazırlanması, təlim prosesinin keyfiyyəti, təlimçilərin peşəkarlığı, praktiki məşğələlərin səviyyəsi və sürücülərin yol hərəkəti qaydalarını nə dərəcədə mənimsəməsidir. Məhz bu istiqamətlərdə islahatlar aparılarsa, yol hərəkəti təhlükəsizliyinin yüksəldilməsi və qəzaların sayının azaldılması baxımından daha real nəticələr əldə etmək olar”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: