2023-cü il 6 iyul tarixində Qoşulmama Hərəkatının Əlaqələndirmə Ofisinin Nazirlər Toplantısı çərçivəsində Bakıda keçirilmiş “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” beynəlxalq konfransda tədbir iştirakçılarının yekdil qərarı ilə Bakı Təşəbbüs Qrupu (BTQ) təsis edilmişdir.
Globalinfo.az bildirir ki, BTQ bu 3 il ərzində dünyanın siyasi gündəmində demək olar ki, unudulmuş kolonializm və neokolonializm problemlərini yenidən gündəmə gətirmiş, dekolonizasiya prosesinin əsas hərəkətverici platformasına çevrilmişdir. Bu xüsusda müstəqillik uğrunda legitim mübarizə aparan tərəflərə dəstək verilmiş, kolonizə edilmiş xalqların azadlığı istiqamətində ardıcıl və nəticə yönümlü fəaliyyət göstərilmişdir.
Nəticədə müstəmləkəçilikdən əziyyət çəkən xalqların səsi qlobal gündəmə daşınmış, nüfuzlu beynəlxalq platformalarda müzakirə edilmişdir. BTQ-nin ardıcıl və məqsədyönlü fəaliyyəti bu məsələlərin müvafiq mərkəzi hökumətlər səviyyəsində də diqqət mərkəzinə gətirilməsinə töhfə vermişdir. Bu baxımdan, Fransada Korsikanın muxtariyyət statusu ətrafında müzakirələrin aktivləşməsi, Yeni Kaledoniyanın gələcək statusu ilə bağlı proseslərin yeni fazaya daxil olması, kolonial idarəçilikdən miras qalmış və “köləlik qanunu” kimi xarakterizə edilən hüquqi mexanizmlərin ləğv edilməsi, keçmiş müstəmləkələrdən oğurlanmış mədəni irsin geri qaytarılması hallarının çoxalması, habelə digər dənizaşırı ərazilərin hüquqi-siyasi vəziyyətinə dair müzakirələrin yenidən gündəmə gəlməsi mühüm irəliləyişlər kimi qeyd oluna bilər.
Təsadüfü deyildir ki, Azərbaycan dünyada kolonializmə qarşı mübarizənin mərkəzi, baş qərargahı kimi tanınır və müstəmləkəçilikdən əziyyət çəkən ərazilər ölkəmizə ümid yeri kimi baxır.
Fəaliyyət göstərdiyi üç il ərzində BTQ tərəfindən 40-dan çox beynəlxalq konfrans təşkil edilmiş, bunlardan 10-u BMT-nin müxtəlif qərargahlarında keçirilmişdir. Eyni zamanda, 50-dən çox nəşr hazırlanmış, 10 əməkdaşlıq memorandumu imzalanmışdır. Bu dövr ərzində BTQ 25-dən çox ölkə və Dənizaşırı ərazi ilə sıx əməkdaşlıq əlaqələri qurmuşdur.
Ən böyük uğurlar sırasında paytaxtımızda Beynəlxalq Dekolonizasiya Cəbhəsinin – FID (fransızca: Front international de décolonisation) təsis edilməsini göstərmək olar.
Beynəlxalq Dekolonizasiya Cəbhəsinin təsis qurultayında Fransa və Niderland müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib regionu, Antil adaları qrupu, Boneyra və Sen-Martindən olan 17-dən çox siyasi partiya və müstəqillik hərəkatının nümayəndələri iştirak etmişdir. Vahid cəbhənin yaradılması kolonizə edilmiş xalqların səylərinin birləşdirilməsi, həmrəyliyin gücləndirilməsi və birgə mübarizə aparması istiqamətində mühüm addımlardan biri kimi yadda qalmışdır.
2024-cü il 22 oktyabr tarixində BMT-nin Cenevrə Ofisində İnsan Hüquqları Komitəsinin 142-ci sessiyası çərçivəsində BTQ tərəfindən “Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt və Fransız müstəmləkəçiliyinin nəticələri” adlı hesabat Komitəyə təqdim edilmişdir. Sözügedən hesabatda təqdim edilmiş faktlara (insan hüquqların pozulması halları) əsasən BMT-nin İnsan Hüquqları Komitəsi Fransadan 2024-cü ilin may ayında Kanakidə – Yeni Kaledoniyada baş vermiş hadisələrə dair hesabat tələb etmişdir.
2025-ci ilin may ayında Bakı Təşəbbüs Qrupu BMT-nin Afrika Mənşəli İnsanların Daimi Forumuna və İnsan Hüquqları üzrə Ali Komissarlığına “Afrika mənşəli insanların beynəlxalq ikinci onilliyi” çərçivəsində həyata keçirilmiş fəaliyyətlər barədə öz hesabatını təqdim etmişdir. Daha sonra BTQ-nin hesabatı BMT Baş katibinin 2025-ci il üzrə təqdim etdiyi “Afrika mənşəli insanların beynəlxalq ikinci onilliyinin həyata keçirilməsi üzrə fəaliyyət proqramı”na dair məruzəsində qeyd olunmuşdur. Bu fakt təşkilatın fəaliyyətinin beynəlxalq səviyyədə diqqətlə izlənildiyini və BMT sistemində tanındığını göstərən mühüm göstəricidir. Baş katibin hesabatında BTQ-nin məhz dekolonizasiya və kiçik adalarda yaşayan xalqların müstəqilliyi istiqamətində fəaliyyət aparan qlobal vətəndaş cəmiyyətləri sırasında yeganə QHT kimi qeyd olunması xüsusi əhəmiyyət kəsb edir. Bu, həm də BTQ-nin beynəlxalq miqyasda etimad olunan tərəfdaş olduğunu və kolonializmə məruz qalan xalqların haqq səsinin dünyaya çatdırılmasında mühüm platforma rolunu oynadığını bir daha təsdiqləyir. Eyni zamanda, bu istinad BTQ-nin fəaliyyətinin yalnız regional deyil, qlobal dekolonizasiya gündəliyi baxımından da əhəmiyyət daşıdığını nümayiş etdirir.
Fəaliyyətində dekolonizasiya ilə yanaşı insan hüquqlarının müxtəlif aspektlərinə xüsusi önəm verən BTQ, 2026-cı il 24 iyun tarixində ABŞ-ın paytaxtı Vaşinqton şəhərində, Konqres binasında Qayıdış Hüququ mövzusunu müzakirəyə çıxartmış, Azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə siyasətinin beynəlxalq gündəmə daşınmasına start vermişdir.
Təşkilat beynəlxalq qurumlar, akademik dairələr və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığını davamlı şəkildə genişləndirməkdədir. BTQ-nin təşəbbüsü ilə müxtəlif regionlardan olan yerli xalqların nümayəndələri, milli azadlıq hərəkatları, parlament üzvləri, elm xadimləri, beynəlxalq ekspertlər, hüquq müdafiəçiləri və vətəndaş cəmiyyəti institutları bir araya gəlirlər.