Bu gün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaradılmasının 108 ili tamam olur. Bu müddət ərzində qurum ölkədə ictimai asayişin qorunması, qanunçuluğun təmin edilməsi və vətəndaşların təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl və mühüm fəaliyyət göstərib. Uzun illərdir Daxili İşlər Nazirliyi cinayətkarlıqla mübarizə, ictimai təhlükəsizliyin qorunması və hüquq-mühafizə sisteminin gücləndirilməsi sahəsində dövlətin əsas dayaqlarından biri kimi çıxış edir. Nazirlik həmçinin müasir çağırışlara uyğun olaraq rəqəmsal idarəetmə və operativ xidmətlərin təkmilləşdirilməsi istiqamətində də fəaliyyətini genişləndirir.
Globalinfo.az-a danışan jurnalist Elməddin Muradlı bildirib ki, Azərbaycan polisi uzun illərdir ölkədə ictimai asayişin və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır.
Onun sözlərinə görə, polisin fəaliyyəti təkcə daxili asayişin qorunması ilə məhdudlaşmır, həm də ölkəyə yönələn xarici təhdidlərin qarşısının alınmasında əhəmiyyətli rol oynayır:
“Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə, beynəlxalq axtarışda olan şəxslərin saxlanılması, sərhədyanı cinayətlərin qarşısının alınması və antiterror əməliyyatlarında iştirak bu istiqamətdə görülən əsas işlərdəndir. Polis həmçinin kütləvi iğtişaşların qarşısının alınması, ictimai təhlükəsizliyin təmin edilməsi, Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə asayişin bərpasında da mühüm rol oynayıb. Əməliyyatlar zamanı xidməti vəzifələrini yerinə yetirərkən şəhid olan polis əməkdaşları da olub. Bu isə Azərbaycan polislərinin peşə borcunu yerinə yetirərkən göstərdiyi fədakarlığın bariz nümunəsidir”.
Elməddin Muradlı
O qeyd edib ki, polis əməkdaşları çətin şəraitdə, təhlükə riskinə baxmayaraq, xidməti vəzifələrini yüksək məsuliyyətlə yerinə yetiriblər:
“Eyni zamanda, polis gündəlik həyatın müxtəlif sahələrində də vətəndaşlara xidmət göstərir. Ailə-məişət münaqişələri, zorakılıq halları, ictimai qayda pozuntuları, yol hərəkəti təhlükəsizliyi və fövqəladə hadisələr zamanı ilk müraciət olunan qurumlardan biri məhz polisdir. Bu da onun funksiyalarının çoxşaxəli olduğunu göstərir. Yol hərəkətinin təhlükəsizliyi sahəsində görülən tədbirlər nəticəsində mühüm nəticələr əldə olunub. Əvvəllər yol-nəqliyyat hadisələrində hər il 1200-1300 nəfər həyatını itirirdisə, hazırda bu göstərici iki dəfəyəqədər azalıb. Bu azalma aparılan profilaktik tədbirlərin və nəzarət mexanizmlərinin səmərəliliyi ilə izah olunur”.
E.Muradlı həmçinin bildirib ki, polis cəmiyyətin ən çox güvəndiyi qurumlardan biridir və vətəndaşlar çətin vəziyyətlərdə ilk olaraq onlara müraciət edirlər.
Onun sözlərinə görə, sistemdə bəzi neqativ halların mövcudluğuna baxmayaraq, bu hallara qarşı ciddi nəzarət tətbiq olunur və intizam tədbirləri görülür:
“Əvvəllər il ərzində 20-30 əməkdaş cəzalandırılırdısa, hazırda bu rəqəm 5-10 nəfər səviyyəsindədir ki, bu da islahatların nəticəsi kimi qiymətləndirilir”.
Zaira Akifqızı
Globalinfo.az