medvedev

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini və “Vahid Rusiya” partiyasının sədri Dmitri Medvedev Qərb dövlətlərini keçmiş müstəmləkələrə vurduqları ziyana görə məsuliyyət daşımağa çağırıb.

Globalinfo.az bu barədə “The Moscow Times” nəşri məlumat yayıb. O, Qərbin müstəmləkəçilik siyasəti nəticəsində yaranmış iqtisadi zərərin bir kvadrilyon dolları ötdüyünü iddia edib.

Medvedev Moskvanın BMT səviyyəsində Qərbin tətbiq etdiyi sanksiyaların insanlığa qarşı cinayət kimi tanınması istiqamətində çalışacağını bildirib. Onun fikrincə, sanksiyalar müasir neomüstəmləkəçiliyin formalarından biridir.

“Əsrlər boyu davam edən barbar istismar, ərazilərin zorla yenidən bölüşdürülməsi və ənənəvi həyat tərzinin məhv edilməsi əsarət altına alınmış xalqların hesabına metropolların çiçəklənməsini təmin edib. Onlar bu gün də ötən əsrlərdə əldə etdikləri sərvətlər hesabına inkişaf edirlər”, – deyə Medvedev “Millətlərin Azadlığı Uğrunda!” hərəkatının plenar iclasında bildirib.

O, Qərbin sanksiyalarının “qlobal çoxluq” ölkələrində yaşayan sadə insanlara ciddi zərər vurduğunu, müstəmləkəçilik siyasətinin isə Qlobal Cənub və Şərq ölkələrində ağır nəticələrə səbəb olduğunu iddia edib.

Medvedev keçmiş müstəmləkəçi dövlətlərin tarixi məsuliyyətinin beynəlxalq səviyyədə tanınmasının və vurulmuş zərərə görə kompensasiya mexanizmlərinin müzakirəsinin vacibliyini vurğulayıb.

“Bu gün biz təkcə keçmiş müstəmləkəçi güclərin tarixi məsuliyyətinin beynəlxalq səviyyədə tanınmasına deyil, həm də vurulmuş zərərin ödənilməsi mexanizmlərinin əsaslı müzakirəsinə nail olmalıyıq”, – deyə o qeyd edib.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini hərəkat iştirakçılarını Kreml ilə əməkdaşlığı genişləndirməyə də çağırıb.

Tahir Turan
Globalinfo.az

Paylaş: