Yaponiyada mobil telefonlara göndərilən güclü zəlzələ xəbərdarlığı əhali arasında təşviş yaradıb.
Globalinfo.az xəbər verir ki, ölkənin Meteorologiya Agentliyi bir neçə dəqiqə sonra xəbərdarlığın səhv olduğunu açıqlayaraq siqnalı ləğv edib.
Məlumata görə, hadisə saat 12:40-da baş verib. Vətəndaşların telefonlarına göndərilən bildirişdə 9,9 bal gücündə zəlzələnin yaxınlaşdığı bildirilib.
Xəbərdarlıqdan sonra şəhər səsgücləndiriciləri vasitəsilə insanlara sığınacaqlara yönəlmək tövsiyə olunub, yüksək sürətli qatarların hərəkəti avtomatik dayandırılıb və telefonlarda zəlzələ ilə bağlı geri sayım başlayıb.
Lakin gözlənilən güclü zəlzələ baş verməyib. Məlumata əsasən, xəbərdarlıq Rusiyanın Kamçatka yarımadası sahillərində qeydə alınan 6,9 bal gücündə zəlzələdən sonra verilib. Yaponiyada hiss olunan yüngül titrəyişdən başqa ciddi hadisə qeydə alınmayıb.
Hadisə ölkədə ciddi narazılığa səbəb olub. Yanlış xəbərdarlığın minlərlə insan arasında panika yaratması və nəqliyyatın fəaliyyətinə təsir göstərməsi ictimaiyyətin diqqətini erkən xəbərdarlıq sisteminin dəqiqliyinə yönəldib.
Tahir Turan
Globalinfo.az