
Pakistanın keçmiş baş naziri, Pakistan Ədalət Hərəkatı (PTI) partiyasının təsisçisi İmran Xan özü və həyat yoldaşı Buşra Bibinin səhhətində yaranan problemlərlə əlaqədar ölkənin ali məhkəmə instansiyalarının rəhbərliyinə müraciət edib. O, hər ikisinə lazımi tibbi yardımın göstərilməsini tələb edib.
Globalinfo.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
İmran Xan Federal Konstitusiya Məhkəməsinin, Pakistan Ali Məhkəməsinin və İslamabad Ali Məhkəməsinin baş hakimlərinə açıq məktub ünvanlayıb.
Məlumata əsasən, keçmiş baş nazirin vəkili noyabrın 2-də və 11-də həbsxanada onunla görüşüb. Noyabrın 11-də baş tutan görüş zamanı İmran Xan məktubunda əks olunan müraciətin hakimlərə çatdırılmasını istəyib.
Keçmiş hökumət başçısı məktubunda hazırda təkadamlıq kamerada saxlanıldığını qeyd edib. O bildirib ki, baş verənlər barədə ictimaiyyətə və aidiyyəti şəxslərə səsini çatdırmaq üçün açıq məktub yazmaq onun əlində qalan yeganə vasitədir.
İmran Xan həmçinin həyatının böyük hissəsini maddi imkanı məhdud olan insanların pulsuz tibbi xidmət ala bilməsi üçün xəstəxanaların inşasına həsr etdiyini xatırladıb:
“Bütün həyatımı müalicə xərclərini ödəyə bilməyən insanların pulsuz tibbi yardım ala bilməsi üçün xəstəxanalar tikməyə sərf etmişəm. Bu gün isə yalnız özümün və həyat yoldaşımın müalicə olunmasını xahiş edirəm”.
Safura Bənnayeva
Globalinfo.az