ylc 11

Azərbaycan Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev rəsmi “X” hesabında Antalya şəhərində keçirilən COP31 konfransının ilk həftəsinin yekunları ilə bağlı paylaşım edib.

Globalinfo.az bildirir ki, onun sözlərinə görə, həftə ərzində COP31-in mümkün nəticələrinə dair iqlim danışıqlarında iştirak edib, yüksək səviyyəli iqlim müzakirələrində çıxışlar edib və bir sıra ikitərəfli görüşlər keçirib.

O, görüşlər çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmayıl Ould Şeyx Əhməd, BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) İcraçı katibi Armida Alisjahbana, eləcə də Macarıstanda Türk Dövlətləri Təşkilatının ofisinin icraçı direktoru Balazs Hendriç ilə bir araya gəlib.

Paylaşımda, həmçinin Azərbaycanın COP29 irsinin təşviqi istiqamətində həyata keçirdiyi təşəbbüslərə də diqqət çəkilib. Qeyd olunub ki, Azərbaycan nümayəndə heyəti beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində sağlamlıq, enerji və təhsil sahələrində iqlim fəaliyyətinin təşviqinə həsr olunmuş xüsusi tədbirlər təşkil edib.

Sözügedən tədbirlər Ümumdünya Səhiyyə Təşkilatı (WHO), UNESCO, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Beynəlxalq Enerji Agentliyi (IEA) və Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) ilə tərəfdaşlıq çərçivəsində baş tutub.

Yalçın Rəfiyev COP31-in ikinci həftəsində də əldə olunan dinamikanın davam etdiriləcəyinə və yeni nəticələrin əldə olunacağına ümidvar olduğunu bildirib.

 

Paylaş: