Eliyev ordu 231 900x506 1

Azərbaycan Prezidenti İlham Əliyevin, ABŞ Prezidenti Donald Trampın, İsrail Baş naziri Benyamin Netanyahunun, eləcə də bir sıra nüfuzlu şəxslərin, “Burger King” və “McDonald’s” kimi nəhəng şirkətlərinin sosial media hesablarına kiberhücumlar edilib.

Bu hücumların səbəbi nədir? Qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

Globalinfo.az-a danışan rəqəmsal texnologiyalar üzrə mütəxəssis Eşqin Məmmədli deyib ki, sosial media hesabları artıq sadəcə ünsiyyət vasitəsi deyil, strateji informasiya resursudur:

“Noyabrın 15-də Prezidentin Mətbuat Xidməti İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumların müşahidə olunduğunu açıqladı. Təxminən eyni vaxtda ABŞ Prezidenti Donald Trampın, eləcə də “Burger King” və “McDonald’s”ın X platformasındakı köhnə paylaşımlarının kiberhücuma məruz qalması ilə bağlı xəbərlər yayıldı. İlk növbədə hadisənin texniki mahiyyətini izah etmək istəyirəm, çünki burada çox vacib bir fərq var. Bir çox insan bunu “hesabın sındırılması” kimi başa düşüb lakin bu belə deyil. Prezidentin X hesabında illər əvvəl, məsələn, 2011-ci ildə paylaşılmış bəzi yazılarda qısaldılmış link keçidləri var idi. Həmin keçidlərin ünvanı dəyişdirilib və onlar paylaşımla heç bir əlaqəsi olmayan kənar materiallara aparmağa başlayıb. Paylaşımların mətninə toxunulmayıb, Prezidentin adından yeni heç nə yazılmayıb. Yəni hesabın özünə kənardan giriş olmayıb”.

WhatsApp Image 2026 11 16 at 14.59.35

E.Məmmədlinin sözlərinə görə, zəif nöqtə ABŞ-ın “Bitly” link qısaltma xidmətində olub:

“Şirkət də bu problemi təsdiqləyib. Belə ki, sistemdəki boşluq səbəbindən köhnəlmiş və artıq işləməyən keçidlərin kənar şəxslər tərəfindən yenidən ələ keçirilməsi mümkün olub. Bu dalğa Trampla bitmir. “Microsoft”un həmtəsisçisi Bill Qeytsin, Kanadanın sabiq baş naziri Castin Trüdonun, ABŞ-ın sabiq vitse-prezidenti Mayk Pensin, hətta Federal Təhqiqat Bürosunun paylaşımları da siyahıdadır. Trampın 20-yə yaxın köhnə yazısında, “Burger King” və “McDonald’s”ın paylaşımlarında keçidlər kənar səhifələrə yönləndirilib. Problem qlobal xidmətdədir, məsuliyyət də onundur”.

Mütəxəssis qeyd edib ki, bir qədər əvvəl İsrailin Baş naziri Benyamin Netanyahunun hesabına qarşı da kiberhücum cəhdləri barədə də məlumat yayıldı:

“İranla əlaqələndirilən qruplar son illər daha çox dövlət rəsmilərini və siyasi hədəfləri seçir. Elə bir həftə əvvəl Fransa öz ərazisindəki genişmiqyaslı kiberhücuma görə rəsmən SEPAH-ın kiber bölməsini ittiham etmişdi. Azərbaycan da belə təhdidlərlə birinci dəfə üzləşmir”.

Esqin Memmedli 142

Eşqin Məmmədli

E.Məmmədlinin fikrincə, hücumların məhz İlham Əliyevin hesablarına yönəlməsi də səbəbsiz deyil:

“Bu, Prezidentin ildən-ilə artan nüfuzu ilə bağlıdır. Bir neçə il əvvəl Azərbaycanın adı daha çox regional məsələlərdə çəkilirdi, indi Prezidentin mövqeyi qlobal məsələlərdə də nəzərə alınır. Torpaqlar azad olunandan sonra sülh danışıqlarının şərtlərini Bakı müəyyən edir. Vaşinqtonda imzalanan sənədlər də, COP29 da, Avropanın enerji təhlükəsizliyi ilə bağlı layihələr də onun adı ilə bağlıdır. Dediyi söz Vaşinqtonda da, Brüsseldə də, Moskvada da diqqətlə oxunur. Nüfuz böyüdükcə diqqət də artır, təəssüf ki, belə cəhdlər də. Bu məsələ tək bir günün hadisəsi də deyil. Bir neçə gün əvvəl “Google”a məxsus “Waze” xidmətinin 247 min izləyicili X hesabı tamamilə ələ keçirildi, oradan saxta elan yayıldı. Dünyanın ən böyük texnologiya şirkətləri belə bundan sığortalanmayıb”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: