6922cc9275a6a6922cc9275a6b17638882746922cc9275a686922cc9275a69

“Sülh Körpüsü”nün Azərbaycan üzrə koordinatoru, Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədrinin müavini Fərhad Məmmədov Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə növbəti görüşün ilin sonuna kimi baş tutacağını bildirib. O qeyd edib ki, görüş Ermənistanda keçiriləcək.

Xatırladaq ki, “Sülh körpüsü” dialoq platforması Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri arasında etimadın möhkəmləndirilməsi və davamlı dialoqun qurulması məqsədilə yaradılıb. Platforma çərçivəsində tərəflər mütəmadi olaraq görüşlər keçirir, sülh prosesi, regional təhlükəsizlik, media və vətəndaş cəmiyyətinin rolu kimi məsələləri müzakirə edirlər.

İlk görüş 21-22 oktyabr 2025-ci il tarixlərində İrəvanda baş tutub və dialoqun əsas istiqamətləri müəyyənləşdirilib. Növbəti mühüm görüş 21-22 noyabr 2025-ci il tarixlərində Bakıda keçirilib və burada hər iki ölkədən ekspertlər və QHT nümayəndələri iştirak ediblər.

Sonuncu görüş isə 10-12 aprel tarixlərində Qəbələdə keçirilib. Sözügedən görüşdə iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoq və birbaşa əlaqələrin təşviqi məsələləri müzakirə olunub.

Globalinfo.az-a danışan Ədalət Partiyasının sədri, siyasi şərhçi Mütəllim Rəhimli deyib ki, bu görüş iki ölkə arasında birbaşa dialoqun davam etdirilməsi baxımından əhəmiyyətlidir:

“Bu səfərə yalnız növbəti görüş kimi yanaşmaq düzgün olmazdı. Uzun illər qarşıdurma şəraitində yaşamış iki cəmiyyət arasında dialoqun qurulması sülh prosesi üçün vacibdir. Dövlətlər arasında əldə edilən razılaşmaların davamlı olması üçün cəmiyyətlərin də yeni reallığı qəbul etməsi mühümdür. Bu baxımdan, ekspertlərin, jurnalistlərin və QHT nümayəndələrinin görüşləri ictimai diplomatiya funksiyasını yerinə yetirir.

Sentyabr ayında İrəvanda planlaşdırılan görüş Ermənistanda anti-Azərbaycan informasiya kampaniyasına görə Azərbaycan tərəfinin qərarı ilə təxirə salınmışdı. Bu fakt göstərir ki, bəzən Ermənistan özünü danışıqlar tərəfinin subyekti kimi apara bilmir. Bu isə iki cəmiyyət arasında etimadın yaradılması prosesinin hələ də kövrək olduğunu göstərir. Belə çıxır ki, münasibətlərin nizamlanması hələ də siyasi və ictimai mühitdən asılıdır. İndi görüşün yenidən Ermənistanda keçirilməsinin planlaşdırılması tərəflərin dialoqu davam etdirmək niyyətini ortaya qoyur. Lakin bu dəfə də əsas məsələ yalnız görüşün baş tutması deyil, onun nəticəsinin olmasıdır.

mutellim rehimov 2 e1756729840247 900x628 1
Mütəllim Rəhimli

Bununla belə, bu görüşləri sülh müqaviləsinin imzalanması ilə bağlı məsələlərin həlli kimi qiymətləndirmək də olmaz. Çünki Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları hələ də qalmaqdadır. Üstəlik, indiyədək əldə olunmuş razılaşmaların icrası kimi məsələlər də həllini gözləyir.

Əsas məqsəd səfərlərin sayını artırmaq deyil, görüşləri real nəticələrə, qarşılıqlı anlaşmaya və davamlı sülhə xidmət edən mexanizmə çevirməkdir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: