Rusiya, ABŞ və Çin prezidentləri Vladimir Putin, Donald Tramp və Si Cinpin Çinin Şençjen şəhərində ilk dəfə üçtərəfli görüş keçirəcəklər.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
Onun sözlərinə görə, Putin noyabrın 18-19-da Şençjenə səfərə gedəcək və Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində iştirak edəcək. Üçtərəfli görüş Çin liderinin dövlət iqamətgahında keçiriləcək.
Uşakov bildirib ki, hazırda görüşün gündəliyi üzərində iş aparılır, danışıqların yekunlarına dair birgə bəyanat hazırlanır. Onun sözlərinə görə, Rusiya, ABŞ və Çin arasında aparılacaq müzakirələr beynəlxalq vəziyyətin gələcək inkişafına ciddi təsir göstərə bilər.
Bununla yanaşı, Putinlə Tramp arasında ikitərəfli görüşün keçirilməsi də planlaşdırılır. Görüşdə Ukrayna müharibəsi və münaqişənin həlli ilə bağlı Moskva və Vaşinqtonun təklifləri müzakirə olunacaq.
Uşakovun sözlərinə görə, bu görüşün hazırlığı ABŞ prezidentinin xüsusi nümayəndələri Cared Kuşner və Stiv Uitkoffun Moskvaya son səfəri zamanı müzakirə edilib. Danışıqların gündəliyinə dair bəzi məsələlər artıq razılaşdırılıb.
Noyabrın 18-də Putinlə Si Cinpin arasında Rusiya-Çin danışıqları da keçiriləcək. Rusiya prezidenti Çin liderinə ABŞ-la son təmaslar, o cümlədən Əbu-Dabidə aparılan danışıqlar barədə məlumat verəcək.
Əliyar Xəlil