pasinyan makron2

Ermənistan Baş naziri Nikol Paşinyan ən azı beş protokol və rəsmi hədiyyə alıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti 2026-cı ilin iyun ayına olan məlumatlara istinadən yazıb.

Bu hədiyyələr arasında bahalı aksesuarlar, qədim kitablar, orden və dekorativ əşyalar yer alıb:

“Baş nazirə təqdim edilən ən dəyərli hədiyyə Fransa Prezidenti Emmanuel Makron tərəfindən verilib. Söhbət Fransanın ən yüksək mükafatlarından biri olan Şərəf Legionunun Böyük Xaç ordenindən gedir. Hədiyyənin dəyəri 1 milyon 265 min 115 dram (təxminən 5835 manat) olaraq qiymətləndirilib. Orden may ayında Makronun şərəfinə prezident iqamətgahında təşkil olunan dövlət ziyafəti zamanı Paşinyana təqdim olunub”.

Diqqətçəkən digər hədiyyə də Fransa Prezidentindən gəlib:

“Paşinyana 1818-ci ildə Venesiyada nəşr olunmuş Minas Bjışkyanın “Cemaran Gitelyats” əsəri hədiyyə edilib. Qədim kitabın dəyəri 308 min 635 dram (təxminən 1424 manat) qiymətləndirilib.

Bundan başqa, Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen Ermənistan– Avropa İttifaqının (Aİ) ilk sammiti çərçivəsində mayın 5-də Paşinyana “RECIFE” markalı dəri çanta hədiyyə edib:

“Hədiyyənin dəyəri 161 min 918 dram (təxminən 747 manat) olub. Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos başçılıq etdiyi nümayəndə heyətinin martın 19-da Ermənistana səfəri zamanı isə baş nazirə “Salvatore Ferragamo” markalı qırmızı qalstuk təqdim edilib. Hədiyyənin dəyəri təxminən 276 min dram (təxminən 1232 manat ) təşkil edib.

Hədiyyələr siyahısında Latviya Prezidenti Edgars Rinkevic tərəfindən verilmiş “anangel” markalı şüşə qab da yer alıb. Bu hədiyyənin dəyəri 70 min 222 dram (təxminən 300 manat) olaraq qiymətləndirilib. O, mayın 7-də Latviyanın Ermənistana rəsmi səfəri zamanı Paşinyana təqdim olunub”.

Qəzet qeyd edib ki, Nikol Paşinyanın aldığı beş hədiyyənin ümumi dəyəri 2 milyon (təxminən 9200 manat) dramı ötür:

“Bütün hədiyyələr qanunvericiliyə uyğun olaraq protokol və ya rəsmi hədiyyə kimi qeydiyyata alınıb və Korrupsiyanın Qarşısının Alınması Komissiyasına təqdim edilən uçot sənədlərinə daxil edilib”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: