Liderlər Münhendə olarkən sərhəddə təxribat baş verdi: Paşinyanın növbəti hiyləsi…

Fevralın 16-sı saat 12:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqəsi istiqamətindəki mövqelərini iriçaplı silahlardan atəşə tutub. Azərbaycan Ordusunun bölmələri qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görüb.

Ermənistanın son günlər şərti dövlət sərhədində atəşkəsi pozması diqqət çəkir. Diqqətçəkən digər bir məqam isə təxribatların Azərbaycan və Ermənistan liderlərin Münhendə olduğu zaman baş tutmasıdır.

Maraqlıdır, Ermənistan tərəfi son təxribatlar ilə nəyə nail olmaq istəyir. İrəvan Münhendə özünə yeni tərəfdaş axtarır?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, Ermənistanın sərhədin Basarkeçər-Daşkəsən istiqamətində Azərbaycan ordusunun mövqelərini atəşə tutmasının birdən çox səbəbi var:

“Öncə deyim ki, təxribatların əsas səbəbi Münhen Təhlükəsizlik Konfransı ilə bağlıdır. Erməni baş nazirin Münhendə sərhədlə bağlı “güzgü prinsipi”ni gündəmə gətirəcəyi gözlənilən idi. Gözləntilər də özünü doğruldu. Paşinyan çıxışı zamanı sərhəddə atəşkəsin pozulması və “təhlükənin reallığını” dilə gətirdi. Bununla belə atəşin məhz Basarkeçərdən açılması diqqət çəkir.

Mümkündür ki, təxribatın bir digər məqsədi də daxili auditoriya ilə bağlıdır. Belə ki, Ermənistan hakimiyyətinin Basarkeçər də daxil olmaqla sərhəddə bir sıra dövlət qurumlarının bağlanması qərarından sonra yerli əhali bu ərazilərin Azərbaycana təhvil veriləcəyi haqda fikirlər səsləndirir. Nikol son çıxışında bu iddialara qarşı çıxdı. Məhz bu etirazlar və Paşinyanın çıxışından sonra təxribat baş verdi. Hesab edirəm, bu istiqamətdə atəş açılması “ərazilərin təhvil verilməyəcəyi” fikrini isbatlamağa hesablanıb”.

Turan Rzayev
Globalinfo.az