Liderlər bu formata qayıdır: Vaşinqtondan Brüsselə, oradan isə…

“Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında Brüsseldə görüşün keçirilməsi gözlənilirdi. Həm Brüssellin, həm də Bakının verdiyi pozitiv bəyanatlar belə bir görüşün qısa zamanda baş tutacağını göstərirdi”.

Bu sözləri Globalinfo.az-a politoloq Tural İsmayılov Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında mayın 14-də Brüsseldə keçiriləcək görüşü şərh edərkən deyib.

Onun sözlərinə görə, AŞ Prezidenti Şarl Mişelin vasitəçiliyi Brüsseldə baş tutan Azərbaycan və Ermənistan liderlərinin görüşləri uğurlu və müsbət nəticələr ilə yadda qalıb:

Tural İsmayılov

“Hesab edirəm bu proses davam etməlidir. Prinsip etibarilə Prezident İlham Əliyevin də Brüssel formatı ilə bağlı yanaşması müsbətdir. Yəni rəsmi Bakının format ilə bağlı heç bir problemi yoxdur.

Lakin bu da bir həqiqətdir ki, Brüssel formatını sabotaj edən Avropa İttifaqının daxilindəki məkrli qüvvələr var. Fransa bu ölkələrin başında gəlir. Məhz Fransanın Brüssel formatına müdaxilə etməsi və moderator qismində çıxış etmək cəhdləri rəsmi Bakının narazılığına səbəb oldu və beləcə proses bir müddət səngidi”.

Politoloqun fikrincə, Brüssel görüşünün keçirilməyi qədər, razılaşdırılan qərarların icra edilməsi üçün Qərbin Ermənistana təzyiq etməsi də vacibdir:

“Brüssel görüşlərində konstruktiv qərarlar verilsə də Ermənistan bir çox hallarda bu prosesdən yayınır. Verilən qərarları ya icra etmək istəmir, ya da uzadaraq icrasını yubadır. Bu isə nəticədə verilən qərarların kağız üzərində qalmasından başqa bir şey deyil. Buna görə də növbəti görüşdə alınacaq qərarların mütləq icrası Aİ-nin diqqət mərkəzində olmalıdır”.

Turan Rzayev
Globalinfo.az