İsrailin Livan əməliyyatı: Təlimat Vaşinqtondan gəlib?

“ABŞ və İsrailin məqsədi bölgədə savaş coğrafiyasını genişləndirməkdir. Sadəcə olaraq ABŞ və İsrailin bu istiqamətdə fikirləri fərqlidir”.

Bunu Globalinfo.az-a siyasi şərhçi Əli Zülfüqaroğlu İsrailə məxsus dronun Livanın paytaxtı Beyrutun cənub şəhəri ətrafında yerləşən HƏMAS-ın qərargahına zərbə endirməsini şərh edərkən deyib.

Əli Zülfüqaroğlu

Onun sözlərinə görə, Təl-Əvivlə Vaşinqton arasındakı fikir ayrılıqları, eyni zamanda dövlət başçıları Benyamin Netenyahu ilə Co Bayden arasında olan problemlər savaş coğrafiyasının yayılmasına mane olmayacaq:

“Burada çoxvektorlu məsələlər var. Xüsusilə dini-ideoloji yanaşma, ABŞ-ın Yaxın Şərqdə gerçəkləşdirmək istədiyi və yarımçıq qalan layihələr, Türkiyə, İran və digər məsələlər buna misal ola bilər.

Ona görə də biz məsələyə, İsrail, HƏMAS və ya “Hizbullah” faktoru üzərindən yanaşmamalıyıq. Burada birbaşa ABŞ maraqları var və bu, prosesi daha da qarışıq edir.

Mümkündür ki, bu il Yaxın Şərqdə proseslər genişlənəcək, daha gərgin və qanlı mərhələyə qədəm qoyacaq”.

Turan Rzayev
Globalinfo.az