İsrail xəstəxana uçqununun altından necə çıxacaq?

Qəzzada xəstəxanaya endirilən raket zərbəsi dünyanın balansını bir qədər də pozub. İsrail hadisənin məsuliyyətini üzərindən atır. Bəzi rəylərə görə, bu, üçüncü tərəfin işidir, ortalığı daha da qızışdırmaq üçün edilib.

İsrail iddia edir ki, xəstəxanaya raketi HƏMAS atıb. İsrail ordusu oktyabrın 17-də Qəzzada yerləşən xəstəxananın vurulması ilə bağlı səs yazısı yayıb. Ordu sözçüsü Daniel Haqari səs yazısının iki HƏMAS üzvü arasında keçən telefon danışığından bir hissə olduğunu deyib. Danışıqda bildirilir ki, raket İsrailə atılırmış, texniki problem səbəbi ilə Qəzzadakı xəstəxanaya düşüb. Hətta HƏMAS üzvlərinin telefon danışığından belə anlaşılır ki, raketin qalıqları onun İsrailə məxsus olmadığını göstərir.

İstənilən halda, bu hadisə dünyada, əsas da müsəlman ölkələrində İsrailə qarşı böyük qəzəb yaradıb.

Hadisələrin sonrakı inkişafı xəstəxana qətliamından çox asılıdır. Hətta İsrailin tərəfini tutan azərbaycanlılar belə raket zərbəsindən sonra tərəddüdə girib.

Maraqlıdır, bəs İsrail xəstəxana uçqununun altından necə çıxacaq?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, Yaxın Şərqdə baş verən proseslər bütün dünyanın diqqət mərkəzindədir:

İlyas Hüseynov

“Hər kəs regionda baş verən prosesləri izləyir, müəyyən mənada fikir bildirir. Lakin problemin kökü çox dərindir. Belə ki, siyasi, ərazi iddiası, geopolitik, dini, ideoloji motivlər münaqişənin həllini dalana dirəyir.

Fələstin və İsraillin bir-birinin müstəqilliyinin tanımaması, habelə, müqəddəs məkanlar uğrunda mübarizə də gərginliyi artıran, sülh yolunu isə tıxayan əsas məqamlardır.

Digər tərəfdən müharibə amansızlığı, dinc insanlara, mülki obyektlərə vurulan zərbələrdən də aydın şəkildə görünür. Qəzzadakı xəstəxanaya endirilən zərbələrin əks edildiyi videolar da bunu sübut edir.

Düzdür, İsrail tərəfi mülki insanlara obyektlərdən uzaq durması yönündə xəbərdarlıq etsə də bütün hallarda bu kimi insidentlərin baş verməsi doğru deyil. Təsadüfi deyil ki, İsraili müdafiə edənlərin sayı da azalıb. Hətta İsraili dəstəkləyən Qərb də hadisəni qınayır”.

Politoloq deyib ki, mövcud gərginliyin tək həll yolu siyasi dialoqdur:

“Lakin bu da indiki məqamda çox çətindir. Çünki əksər ölkələr artıq konkret tərəfini bildirib. Heç bir ölkə də indiki məqamda belə çətin missiyanı üzərinə götürmək istəmir. Digər tərəfdən müharibənin İsrail-Fələstin müharibəsi olduğu deyilsə də İsrailə hücum edən HƏMAS-dır. HƏMAS isə bir çox ölkələr tərəfindən terror təşkilatı olaraq tanınır”.

Turan Rzayev
Globalinfo.az