İrəvanın Bakıya “tarixi təklifi”nin gerçək səbəbi – İki təhlükəli PLAN

Ermənistan Baş naziri Nikol Paşinyan deyib ki, Ermənistan Azərbaycanı silahlara qarşılıqlı nəzarəti nəzərdə tutan saziş imzalamağa dəvət edir. Onun Azərbaycanın irəli sürdüyü şərtlərə qarşılıq bu fikirlə çıxış etdiyi qeyd edilir.

Maraqlıdır, Nikol Paşinyan hansı məqsədi güdür?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Vəli Əlibəyov qeyd edib ki, silahlarla bağlı qarşılıqlı nəzarət anlayışı ilk dəfə soyuq müharibə zamanı meydana gəlib:

“ABŞ və Sovet İttifaqı nüvə silahının sayının artmasının qarşısını almaq üçün bir neçə belə müqavilə bağladılar. Bu müqavilələrə əsasən strateji nüvə silahlarının çoxalmasının qarşısını almaq əsas məsələ idi. Bir-birinə qarşı nəzarət mexanizmi həyata keçirirdilər.

Raket, silah-sursat və s. silahların sayının artmasının qarşısının alınması ilə bağlı ölkələr bir-birinə nəzarət edir. Bu da öz növbəsində ölkələr arasında  etibarın artmasına səbəb ola bilər. Ermənistan və Azərbaycan arasında müharibə bitib və sülh müqaviləsi imzalamaq astanasındadırlar. Bu fonda Paşinyanın sözügedən çıxışı özləri üçün məntiqli addım hesab edilə bilər. Çünki Azərbaycan güclənməkdə davam edir. Ermənistan ərazilərini itirmək qorxusu ilə sülh müqaviləsinin imzalanması fonunda həm də hərbi gücün inkişafının qarşısını almağa çalışır”.

Vəli Əlibəyov

Politoloqun fikrincə, bu prosesdə Ermənistan havadarlarının təkidinin olması da istisna deyil:

“Rəsmi İrəvan vasitəsilə Azərbaycanın hərbi potensialının inkişafının qarşısını almağı hədəfləyirlər. İki ölkə arasında belə bir saziş imzalanarsa, son nəticədə bu nəzarəti ölkələr özləri yox, yaranmış beynəlxlaq strukturlar, ekspertlər qrupu həyata keçirəcək.

Sazişin hazırlanması, imzalanması uzun vaxt və çox sayda görüşlərin keçirilməsini, müzakirələrin aparılmasını tələb edir. Nikol Paşinyanın açıqlamasından belə məlum olur ki, sülh müqaviləsinin imzalanması ilə sözügedən saziş haqqında razılığın əldə edilməsini eyni vaxtda reallaşdırma niyyəti var. Bu da avtomatik olaraq sülh müqaviləsinin imzalanmasını bir neçə aydan bir neçə ilə qədər uzatmış olur”.

Safura Bənnayeva
Globalinfo.az