ABŞ dövlət katibi Marko Rubio İranla bağlı aprel danışıqlarında mümkün razılaşmadan imtina edilməsi barədə qərar verib.
Globalinfo.az xəbər verir ki, bu barədə “NBC News” mənbələrə istinadən məlumat yayıb. Belə ki, sözügedən danışıqlar İslamabadda keçirilib və görüşlərdə ABŞ vitse-prezidenti Cey Di Vens də iştirak edib.
Məlumata əsasən, danışıqlar zamanı ABŞ nümayəndə heyəti İran tərəfinin mümkün razılaşmanın şərtlərinə dəyişiklik etməyə çalışdığını düşünüb. Görüşlərə fasilə verildikdən sonra amerikalı nümayəndələr növbəti addımlarla bağlı təlimat almaq üçün Rubio ilə əlaqə saxlayıblar.
Rubionun isə İranın irəli sürdüyü təklifi qəbul etməyin mümkün olmadığını və razılaşma əldə edilməyəcəyini bildirdiyi qeyd olunur.
“NBC News” yazır ki, Rubio İranla bağlı danışıqlar prosesində əsas ictimai sima kimi çıxış etmir. Bununla belə, telekanalın məlumatına görə, o, pərdəarxası danışıqlarda mühüm rol oynamaqda və ABŞ administrasiyasının İran siyasətinin formalaşdırılmasında iştirak etməkdə davam edir.
Tahir Turan
Globalinfo.az