Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya və Ukraynanı hərbi əməliyyatları dayandırmağa, yol verilmiş səhvlərin təhlilini isə sonraya saxlamağa çağırıb.
Globalinfo.az-ın xəbərinə görə, o, bu barədə Fransanın “Le Point” jurnalına müsahibəsində danışıb.
“Sadə dillə desək, tərəflər bir-birinə zərbə vurublar. Kimsə səhvə yol verib. Hər iki tərəfin kifayət qədər səhvləri olub. Mən bunları təhlil etmək niyyətində deyiləm. Bunun da vaxtı gələcək. Artıq dayanın…” – deyə Lukaşenko bildirib.
Belarus lideri bu yanaşmanı ruslar, belaruslar və ukraynalılar arasında formalaşmış davranış modeli ilə müqayisə edib. Onun sözlərinə görə, əvvəlcə qarşıdurmanı dayandırmaq, daha sonra baş verənləri təhlil edərək gələcək addımları müəyyənləşdirmək lazımdır.
“Bizdə həmişə belə olub: bir-birimizə zərbə vurmuşuq, sonra dayanmışıq. Sakitləşmişik, baş verənləri dərk etmişik və bundan sonra hansı istiqamətdə addım atacağımızı müəyyənləşdirmişik. Yenə də yolumuza davam edəcəyik”, – deyə o vurğulayıb.
Lukaşenko, həmçinin Moskvanın müvəqqəti atəşkəs deyil, uzunmüddətli sülh sazişinin imzalanmasının zəruriliyi ilə bağlı mövqeyini dəstəkləyib.
“Çox yaxşı deyilib. Heç bir müvəqqəti atəşkəsdən söhbət getməməlidir. Sülh əsrlər boyu davam etməlidir. Elə isə gəlin razılığa gələk və əsrlər boyu qüvvədə olacaq bir saziş imzalayaq”, – Belarus Prezidenti vurğulayıb.
Əliyar Xəlil