ABŞ kəşfiyyat qurumlarına kiberhücum olub. Məlumata görə, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) və Milli Kəşfiyyat Direktorunun Ofisində kibertəhlükəsizlik insidenti nəticəsində məxfi olmayan bəzi məlumatlara giriş əldə edilib.
Son zamanlar müxtəlif ölkələrin liderləri və dövlət sturukturlarına qarşı kiberhücumlar güclənib. Həmçinin Azərbaycan da eyni vəziyyətlə üzləşir.
Hücumlar kimin əmri ilə hansı məqsədlə təşkil edilə bilər? Bu “müharibənin” arxasında nə dayanır?
Globalinfo.az-a danışan informasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov deyib ki, dövlət qurumlarına, kəşfiyyat strukturlarına, banklara, mediaya və kritik infrastruktura edilən hücumlar çox vaxt daha böyük strateji məqsəd daşıya bilər:
“Hücumun arxasında konkret kimin dayandığını demək çox çətindir. Kiberməkanda hücumçu öz izini gizlədə, başqa ölkənin serverindən istifadə edə, hətta başqa qrupun alətlərini bilərəkdən tətbiq edə bilər. Ona görə bu hücumu filan dövlət edib demək üçün yalnız IP ünvanına və ya istifadə olunan proqramlara baxmaq kifayət etmir. Bunun üçün uzunmüddətli texniki araşdırma və s. məlumatları lazımdır”.
Elvin Həsənov
Mütəxəssisin fikrincə, bu gün dövlətlər arasında qarşıdurmanın bir hissəsi artıq görünməyən müstəvidə aparılır:
“Əvvəllər qarşı tərəfin rabitə xəttini fiziki olaraq sıradan çıxarmaq lazım idisə, indi müəyyən hallarda bunu kiberhücumla etmək mümkündür. Dövlət xidmətinin dayanması, bank sistemində problem yaranması və ya media resurslarının işləməməsi özü ciddi psixoloji və iqtisadi təsir yarada bilər. Başqa bir məqsəd də sadəcə məlumat oğurlamaq deyil, qarşı tərəfin reaksiyasını yoxlamaq ola bilər. Məsələn, hücum edən tərəf görür ki, dövlət sistemi neçə dəqiqəyə reaksiya verir, hansı qoruma mexanizmləri işə düşür, ehtiyat sistem varmı və hücum hansı mərhələdə dayandırılır. Bu məlumatların özü də gələcək üçün çox dəyərlidir”.
E.Həsənov qeyd edib ki, bəzən bunun arxasında sırf maliyyə məqsədli cinayətkar qruplar və ya müstəqil qruplaşmalar dayana bilər:
“Ona görə səbəb və sifarişçi barədə nəticə çıxarmaq üçün tələsmək olmaz. Sadə desək, müasir dövrdə müharibənin forması dəyişib. Tank və raketlə yanaşı, kod, server və məlumat da strateji alətə çevrilib. Əsas məsələ budur ki, dövlətlər bu riski artıq fövqəladə hadisə kimi yox, daimi təhlükə kimi qəbul etməli və müdafiəni də buna uyğun qurmalıdırlar”.
Zaira Akifqızı
Globalinfo.az