israil 3

İsrailin müdafiə naziri İsrael Kats İranın kimyəvi silah hazırladığını bildirib. O, İsrailin ABŞ-la birlikdə hücuma hazırlaşdığını söyləyib.

Katsın sözlərinə görə, hücumla bağlı yekun qərarı ABŞ Prezidenti Donald Tramp verəcək. İsrailli nazir həmçinin İranla müharibənin baş verəcəyi təqdirdə “Hizbullah”ın bu hərbi əməliyyatlara qoşulmasının gözlənilmədiyini qeyd edib.

Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, Katsın açıqlaması Tehran və Təl-Əviv arasında hərbi qarşıdurma riskinin yenidən artdığını göstərir:

“İranın kimyəvi silah hazırlaması ilə bağlı iddianın səsləndirilməsi mümkün hərbi əməliyyatların əsaslandırılması və Tehrana beynəlxalq təzyiqin artırılması kontekstində qiymətləndirilə bilər. Lakin bu iddianın müstəqil şəkildə təsdiqlənməsi mühüm əhəmiyyət daşıyır. Katsın yekun qərarı Donald Trampın verəcəyini bildirməsi isə İsrailin mümkün hərbi əməliyyatlarda Vaşinqtonun siyasi və hərbi dəstəyinə xüsusi əhəmiyyət verdiyini göstərir.

Digər diqqətçəkən məqam isə “Hizbullah”ın mümkün hərbi qarşıdurmaya qoşulmayacağı ehtimalıdır. Əgər sözügedən ehtimal özünü doğruldarsa, bu, İranın uzun illər ərzində formalaşdırdığı regional hərbi-siyasi təsir mexanizmlərinin zəifləməsinin göstəricilərindən biri ola bilər. Suriyada strateji mövqelərini itirən, İraqda təsir imkanlarını qorumaqda çətinliklərlə üzləşən Tehran üçün Livandakı dayaqlarının da passiv qalması ciddi problem yarada bilər. Bununla belə, ABŞ-ın hərbi müdaxilə ilə bağlı qərar verməsi yalnız İran–İsrail münasibətlərinə deyil, bütövlükdə Yaxın Şərqin təhlükəsizlik arxitekturasına, enerji bazarlarına və ABŞ–İran danışıqlarının gələcəyinə təsir göstərəcək. Hazırkı mərhələdə hərbi hazırlıqların açıqlanması həm də Tehranı diplomatik güzəştlərə məcbur etmək üçün təzyiq vasitəsi kimi qiymətləndirilə bilər”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: