“İranın Zəngəzur dəhlizinə inteqrasiyası qaçılmaz hal alır” – Şərh

 

 

Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edib və iştirakçıların suallarını cavablandırıb.

Ölkə başçısı çıxışı zamanı Zəngəzur dəhlizi ilə bağlı bəzi məsələlərə aydınlıq gətirib. O qeyd edib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsi və işğal altında olan torpaqların azad edilməsi regional nəqliyyat dəhlizləri, o cümlədən Zəngəzur dəhlizi və bununla bağlı bir sıra digər təşəbbüslər üçün yeni imkanlar yaradıb.

Mövzu ilə bağlı Globalinfo.az-a açıqlama verən siyasi şərhçi Aqşin Kərimov deyib ki, Cənubi Qafqazda yaranmış gerçəkliklər, Zəngəzur dəhlizinin beynəlxalq və regional gündəlikdə aktual mövzular axarına girməsi, Azərbaycanın qədim İpək Yolunu canlandırmaq səylərini artırır:

“Azərbaycan və Türkiyə nəqliyyat marşrutu üzrə alternativlərini gücləndirmək üçün səylərini Türk Dövlətləri Təşkilatı çərçivəsində koordinasiya edərək bunu Çinə doğru yön alan yeni əməkdaşlıq formatına çevirirlər.

Konfransın adının altında gizlənən sərvətin cilalanması üçün Azərbaycan çağırışların öhdəsindən gələ bilmək qabiliyyətini göstərməli idi və İlham Əliyev bu işi öz üzərinə götürərək tədbir iştirakçılarının suallarını cavablandırdı.

Çünki qeyd edilən beynəlxalq cığır üzrə təhlükəsizlik relyefi heç də hamar meyllər üzərində deyil və mütləq şəkildə risk faktoru qiymətləndirilməlidir“.

A.Kərimovun sözlərinə görə, İran Cənubi Qafqazda siyasi şiəlik buxovu yaratmaq potensialından məhrum olduqca, itkiləri kompensasiya etmək üçün onun Zəngəzur dəhlizinə inteqrasiyası qaçılmaz hal alır:

“İran Zəngəzur dəhlizinin iqtisadi əsaslarına qarşı deyil, amma onun Azərbaycanın Ermənistan üzərində həlledici sərhəd nəzarəti həyata keçirməsi fonunda reallaşmasını həzm edə bilmir.

Digər tərəfdən, Zəngəzur dəhlizi istər-istəməz dünyəvi dövlət olsa da, Türkiyənin xarici siyasətindəki din amilinin regionda güclənməsinə gətirib çıxaracaq və bu, islam ideoloji xəttini bünövrəsində tutan Tehranın strateji planlarına zərbə vuracaq”.

Turan Rzayev
Globalinfo.az