İranın casus şəbəkəsini bu yolla ifşa etmək olar – Ekspertlər detalları açdı

Bir neçə ay öncə İranın Azərbaycandakı agentura şəbəkəsi ilə bağlı Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat sonrası məlumatında deyilirdi ki, agenturanın fəaliyyətinə İranın Azərbaycandakı səfirliyi açıq dəstək verir, həmçinin səfirliyin maşınlarından bu işdə istifadə olunur.

Bəzi ekspertlərin fikrincə, İranın Bakıdakı səfirliyinin fəaliyyətinin bir neçə il dayandırılması onun casus yuvalarının Azərbaycandan tamamilə təmizlənməsi ilə nəticələnə bilər.

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Zaur Məmmədov bildirib ki, Azərbaycanda İrana işləyən şəbəkələrə və müəyyən qruplara dəstək məhz səfirliyin nümayəndələri vasitəsi ilə göstərilə bilər.

O, xatırladıb ki, bir müddət əvvəl İran səfirliyinin avtomobillərində qanunsuz şəkildə Azərbaycana nə daşındığı barədə İran səfirliyi açıqlama verməkdən yayınmışdı:

“Hər halda bu, istintaq və xüsusi xidmət orqanlarının işidir. Amma ümumi götürdükdə, bəllidir ki, İranın Azərbaycanda müxtəlif şəbəkələri, qrupları var və onlar müxtəlif sahələri əhatə edirlər. Bir müddət əvvəl iki saytın əməkdaşlarının və baş redaktorunun həbs edilməsi bunun göstəricisidir. Amma bu, təkcə mediaya aid deyil, bütün sahələrdə, hətta strateji sahələrdə də ola bilər. Hər halda İran tərəfi arxayın olmasın. Onların agentura şəbəkəsinin deşifrə olunması və həbs edilməsi o deməkdir ki, rəsmi Tehran məqsədlərinə çatmayacaq.

Zaur Məmmədov 

Uzun müddət idi ki, İran həm də hakimiyyət dəyişikliyi edərək burda dini dövlət qurmaq istəyirdi. Amma görünən odur ki, o bu istiqamətdə də özünə yaxşı bir ordu yığa bilmədi və insanlar həmin o dırnaqarası mollaların arxasınca getmədi. Taleh Bağırzadə qismində onlar bir neçə istiqamətdə digər mollalardan da el içində müəyyən status qazanaraq gələcəkdə öz siyasi məqsədləri üçün istifadə etmək istəyirdilər. İranın casus şəbəkəsinin üzvləri əsasən vaxtilə orada təhsil alan və hazırda mollalıqla məşğul olanlar arasında heç bir xüsusi peşəkarlığı ilə seçilməyən şəxslərdir”.

Politoloq vurğulayıb ki, hazırda Azərbaycanla İran arasında vəziyyət olduqca gərgindir və İran bunu aradan qaldırmaq üçün ciddi addımlar atmalıdır. Amma biz görürük ki, Tehran tərəfi davamlı şəkildə İsrail məsələsini Azərbaycanda qabardır:

“İranın bugünkü siyasətində diplomatik nailiyyət sıfırdır. Rəisi hakimiyyəti dövründə dünyadakı heç bir ölkə ilə diplomatik istiqamətdə uğur əldə edə bilməyiblər. Eyni zamanda İranın Körfəz ölkələri ilə münasibətləri, Asiya, Afrika və Latın Amerikasının müxtəlif ölkələri ilə münasibətlərində möhkəmlənən əlaqələrdən danışa bilmirik. Bu o deməkdir ki, İran beynəlxalq müstəvidə belə tam bir dalan dövlətinə çevrilib. Hazırda region ətrafında çox ciddi hadisələr baş verir və bu hadisələrin sabah hansı istiqamət alacağı ilə bağlı müəyyən ssenarilər də irəli sürülür. Buna görə ayıq və soyuqqanlı olmaq lazımdır”.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl isə bildirib ki, səfirlik fəaliyyət göstərməsə, Azərbaycanda agenturanın işi iflic olacaq fikri yanlış yanaşmadır:

“İran səfirliyinin burdakı əməkdaşları maksimum şəkildə bu işlə məşğul olmurlar. Çünki bilirlər ki, nəzarətdədirlər. İkincisi, İranın səfirliyinin fəaliyyətinin dayandırılması üçün gərək Azərbaycan diplomatik əlaqələri tam kəssin. Biz bu əlaqələri kəsməmişik. Səfirliyin fəaliyyəti qeyri-müəyyən müddətə dayandırılıb. Təbrizdə Azərbaycanın Baş Konsulluq idarəsi fəaliyyət göstərir. İndiki vaxtda gərginliyə getmək, diplomatik əlaqələrin kəsilməsi düzgün olmaz. Görürsüz, onlar bu əlaqələri dayandırmırlar. Təbii ki, İran səfirliyinin rəsmi əməkdaşları kimlərləsə söhbətlərində diplomatik fəaliyyət pərdəsi altında yenə nəsə edirlər, amma total şəkildə Azərbaycan vətəndaşlarının cəlb olunması ilə məşğul deyillər”.

İlham İsmayıl 

Ekspert qeyd edib ki, istənilən dövlətin səfirliyi öz dövlətinin maraqlarına uyğun olaraq müəyyən kəşfiyyat işlərini həyata keçirir, biz də eləyik:

“Səfirlik fəaliyyətini dayandırsa, əksinə, bu işləri daha məxfi formaya keçirmiş olacaqlar və bunun aşkarlanması uzun müddət çəkir. Amma indi bizim üçün səfirlikdə ən aşağı vəzifə tutandan səfirə qədər o şəxslərin hər biri bəllidir. Belə olan halda onun kim və nəçi olduğu, hara getdiyi daha aydın olur.

Bəzən deyirlər, məscidləri bağlamaq lazımdır, amma bunun yanlış olduğu əvvəl-axır üzə çıxdı. Məscidləri bağlamaq olmaz, ora hətta ən radikallar belə yığışırsa, lap yaxşı, biz bilirik ki, hara yığışırlar. Oradan informasiya almaq asandır, nəinki harda olduqları bəlli olmayanda, gizli görüşlər keçiriləndə. Ona görə İranın bizə olan bütün neqativ münasibətinə baxmayaraq, İranla diplomatik əlaqələrin hələ davam etməsi Azərbaycanın maraqlarına uyğundur”.

Gülnar Səlimova
Globalinfo.az