hemas israil 1

İsrailin “Kan” dövlət teleradio şirkəti öz mənbələrinə istinadən məlumat verib ki, İsrail hökuməti ilə Fələstinin HƏMAS hərəkatı arasında danışıqlar dayandırılıb.

Qeyd edilir ki, münaqişə iştirakçıları girovların azad edilməsi şərtləri barədə razılığa gələ bilmədikləri üçün məsləhətləşmələr dayandırılıb. “Mənbələr, tərəflər arasında fikir ayrılığının çox böyük olduğunu, xüsusən “müharibənin sonu” termini, eləcə də İsrailin HƏMAS-ın azad edilməsini istəyə biləcəyi terrorçuların adlarına veto qoymaq tələbi ilə bağlı olduğunu göstərib”, – “Kan” bildirib.

Atəşkəs danışıqları niyə uğursuz olur? Tərəflər niyə razılığa gələ bilmir? Prosesin bundan sonrakı mərhələsində nələr ola bilər? Şiddətli toqquşmalar yenidən başlayacaq?

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, bu cür ikitərəfli gərginlikdə adətən proseslərdə maraqlı olan üçüncü tərəflər olur və onlar hadisələrə öz maraqlarına uyğun müdaxilə etmək istəyirlər:

“İndiki halda belə maraqlı aktorlar arasında ABŞ-ı, Türkiyəni göstərmək olar. ABŞ prosesin uzanmasına çalışır. Ağ Ev Ukraynada etdiklərini Yaxın Şərqdə təkrarlamağa çalışır. Bu, Vaşinqtonun mövqe savaşı kimi də xarakterizə oluna bilər.

İstisna etmirəm ki, HƏMAS-la İsrail arasında razılığın əldə olunmamasında ABŞ-ın rolu var. “Gizli əllər” işə düşüb. Müharibə hələ davam edəcək. Savaşın daha da genişlənməsi mümkündür. Bu isə perspektivdə daha çox və daha güclü oyunçuların prosesə daxil olması ilə nəticələnə bilər”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: