“Azərbaycan ilə Ermənistan arasında delimitasiya və sülh prosesi uğurla davam edir. Ermənistandakı etiraz aksiyalarına və ixtişaşlara baxmayaraq, İrəvan ilə Bakı sülhdə maraqlıdır”.
Bu sözləri Globalinfo.az-a politoloq Qabil Hüseynli Ermənistan ilə Azərbaycan arasında davam edən sülh prosesi, danışıqlar, delimitasiya, demarkasiya prosesinin hazırkı vəziyyəti haqda danışarkən deyib.
Onun sözlərinə görə, rəsmi Bakı sülh müqaviləsinin ən qısa zamanda imzalanmasında maraqlıdır:
“Bakı tələsir və bu tələskənlik başadüşüləndir. Region ilə bağlı Bakının iqtisadi, siyasi və geosiyasi maraqları var. Xüsusilə iqtisadi layihələrimizin icrası üçün davamlı, dayanıqlı sülh lazımdır. Ermənistan da əslində bunun fərqindədir. Bakının sülh üçün yeri gəldikdə müharibə variantına əl atacağını bilən İrəvan sülh prosesində əvvəlki illərə nəzərən daha aktiv mövqe sərgiləyir.
Artıq üç mühüm görüş keçirilib. Ölkə başçılarının Berlin, XİN başçılarının Almatı və parlament sədrlərinin sonuncu görüşü sülh istiqamətində real addımların atıldığını göstərir. Danışıqlar prosesi vasitəçilər olmadan uğurla aparılır. Bu mühüm nailiyyətdir. Ən əsası danışıqlar masasında “çərçivə sazişi” var. Bəzi detalları mübahisəli olsa da, hər halda sülhə çox yaxınıq”.
Politoloqun sözlərinə görə, delimitasiya prosesi sülh prosesi ilə paralel gedir:
“Əslində iki proses tamamilə fərqlidir. Yəni sülh tez ola bilər, delimitasiya isə daha qəliz və uzun müddət tələb edir. Bununla belə paralel şəkildə danışıqların getməsi mühüm hadisədir.
Qazaxın 4 qeyri-anklav kəndinin rəsmi Bakıya qaytarılması prosesinin gələcəyi baxımından müsbət hadisədir. Yəni proses illər çəksə də nəticəsi olacaq. Hesab edirəm, mövcud danışıqlar məqbuldur və nəticəsi olacaq. Sülh müqaviləsi COP 29-a qədər imzalansa da, delimitasiya minimum beş il çəkə bilər”.
Turan Rzayev