İrana ikitərəfli zərbə: Gözlənilməz qisas planı işə düşdü

iran 2

İsrail ordusu son 24 saat ərzində Livanın cənubunda bir neçə lokallaşdırılmış əməliyyat keçirib, “Hizbullah” qruplaşmasının infrastrukturunu dağıdıb, silahları ələ keçirib və terrorçuları məhv edib. Paralel olaraq isə Qəzza zolağında əməliyyatlar davam etdirilir.

Cəbəliyyədə hava və quru qüvvələrinin hərbi obyektlərə hədəfli reydlər keçirməsi nəticəsində onlarla HƏMAS terrorçusunu zərərsizləşdirib. Rəfahda bölgəsində qoşunlar düşmənçilik fəaliyyəti üçün istifadə edilən yeraltı tunelin olduğu hərbi obyekti müəyyənləşdirib və onlara zərbələr endiriblər.

Bəzi ekspertlərin fikrincə, İsrail bütün bu hücumlarla İranın nüvə obyektlərini vura bilməməsinin qisasını alır. Təl-Əviv Tehranın proksilərinə ağır zərbə endirərək əslində etmək istədiyinin nə olduğunu göstərməyə çalışır.

Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, İsrailin əsas hədəfi son bir il ərzində nəzarət altına aldığı bölgələrdə möhkəmlənərək həmin ərazilərdəki varlığını legitimləşdirməkdir:

“İsrailin Livandakı əməliyyatlarının yalnız İrandan qisas almaq üçün atılmış adddımlar olduğunu düşünmürəm. Təl-Əviv bununla ilk mərhələdə HƏMAS və “Hizbullah”ın gücünün tükənməsi üçün cəbhəni genişləndirməyi hədəfləyir.

Müəyyən istiqamətdə məqsədinə nail olan İsrail eyni zamanda İranın Livandakı varlığına da son qoymağa çalışır. Ona görə də, gözlənilənin əksinə İsrailin İrana cavabı çox zəif oldu və daha sonra birbaşa qarşıdurmadan çox proksi qüvvələr vasitəsilə mübarizəni davam etdirməyə üstünlük verdi. Bu da onun əsas qisas əməliyyatının bir parçası ola bilər”.

Turan Rzayev
Globalinfo.az