Almaniyanın Hagen şəhərində terror təhlükəsi ilə əlaqədar iki suriyalı qardaşa 12 Milad yarmarkasına və şəhər mərkəzinin bəzi ərazilərinə giriş qadağası qoyulub.
Globalinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 22 və 24 yaşlı qardaşlar polis tərəfindən “təhlükəli şəxslər” kateqoriyasına daxil ediliblər.
Qərarın onların dövlət təhlükəsizliyinə təhdid yarada biləcək cinayət hazırlığında iştirakına dair kəşfiyyat məlumatları əsasında verildiyi bildirilir.
Məlumata görə, qardaşlar qadağanı pozduqları təqdirdə 500 avro cərimə edilə bilərlər. Təkrar pozuntular zamanı cərimənin artırılması, hətta həbs tədbirinin tətbiqi mümkündür. Onlara üzərlərində bıçaq və digər silahlar gəzdirmək də qadağan olunub.
Qardaşlar 2026-cı il oktyabrın 1-də xüsusi təyinatlılar tərəfindən saxlanılsalar da, məhkəmə onların uzun müddət həbsdə saxlanılması barədə vəsatəti təmin etməyib və onlar sərbəst buraxılıblar.
İstintaqın versiyasına əsasən, qardaşlar daha iki nəfərlə birlikdə islamçı terror hücumları planlaşdırmaqda şübhəli bilinirlər. Həmin şəxslərdən biri İslamı qəbul etmiş 23 yaşlı Almaniya vətəndaşı, digəri isə Kosovo əsilli 19 yaşlı Almaniya vətəndaşıdır.
Şübhəlilərin vəkili ittihamları rədd edərək, müdafiə etdiyi şəxslərin qanunsuz hərəkətlərinin sübuta yetirilmədiyini bildirib.
Hagen polisinin nümayəndəsi əməkdaşların vəziyyəti nəzarətdə saxladığını açıqlayıb. Bildirilib ki, qardaşlardan başqa daha dörd nəfərə də Milad yarmarkalarına getmək qadağan edilib.
Əliyar Xəlil
Globalinfo.az