Baltik Bolgesinde Gerilim Haritasi

Noyabrın 21-i Finlandiya körfəzinin sularında baş verən partlayış sonrası  yaranan gərginlik səngimir. Ekspertlər bunu Şimali Avropanın təhlükəsizlik arxitekturasında yeni bir dövrün başladığını xəbər verən siqnal kimi qiymətləndirir.

Rusiyanın Kalininqrad anklavına doğru hərəkət edən “Sparta II” yük gəmisi dronların hədəfinə çevrildi. Zərbə Rusiya sərhədindən cəmi 3 dəniz mili aralığında baş verdi. Rusiya Xarici İşlər Nazirliyi hadisəyə sərt reaksiya bildirərək “qəti və dağıdıcı” cavab veriləcəyini bəyan etdi. Lakin buna baxmayaraq, Moskva hələlik birbaşa hərbi eskalasiyadan çəkinir.

Niyə Baltik dənizi, Qara dəniz və ya Yaxın Şərqdən sonra növbəti “qaynar nöqtəyə” çevrilir?

Globalinfo.az-a danışan politoloq Rüstəm Tağızadə deyib ki, DDE modelinə görə, hər böyük böhran kiçik bir “şok”la başlayır:

“Sparta II” gəmisinə edilən dron zərbəsi bu “şok”dur. Lakin diqqət yetirilməli olan məqam zərbənin özü deyil, onun yaratdığı zəncirvarı reaksiyadır.

Bu hücum Rusiyanın hərbi-logistika xəttinə birbaşa zərbədir. Polşa və Litva arasında sıxışıb qalmış bir hərbi qala üçün dəniz yolu həyati əhəmiyyət daşıyır. Hadisə göstərdi ki, Rusiyanın Kalininqrada gedən təchizat yolları artıq tam təhlükəsiz deyil.

Şok dalğası dərhal transmissiya mərhələsinə keçir. NATO “Baltic Sentry” missiyası çərçivəsində müşahidələri artırır. Rusiyanın “kölgə donanması” (shadow fleet) gəmiləri Qərb limanlarında daha sərt yoxlanılır. Bu qarşılıqlı təzyiqlər nəticəsində Baltikdə müharibə riski kəskin artır və beynəlxalq ticarət yolları yavaşlayır.

Lakin bu təcrid olunmuş bir hadisə deyil. Yalnız bir gün sonra, noyabrın 22-də Liviyanın Benqazi limanında Rusiyanın Qara Dəniz Donanmasına məxsus “Merkuri” korveti ehtimal ki, Ukrayna dəniz dronlarının hücumuna məruz qalaraq ciddi zədələndi və böyük partlayışla məhv oldu. Bu iki uzaq nöqtədə baş verən zərbələr göstərir ki, Rusiya üçün cəbhə xətti artıq təkcə Ukrayna ərazisində deyil, eyni zamanda onun dəniz təchizatı və hərbi mövcudluğunun olduğu bütün strateji nöqtələrdə açılır”.

rustem tagizade e1756472670253 900x576 1
Rüstəm Tağızadə

Politoloq bildirib ki, Rusiyanın dövlət yönümlü media və “Telegram” kanallarında, eləcə də Kremlə yaxın analitiklərin fikirlərində, Qərbin uzun müddətdir Avropa cəmiyyətini Rusiya ilə birbaşa toqquşmaya hazırlaşdırdığı iddia edilir:

“Rusiyalı ekspertlər Qərbin Strateji Kommunikasiyalarını (məsələn, En Enplbaum kimi simaların açıqlamalarını) Avropanın “dron və raket müharibəsinə” alışdırılması kimi qiymətləndirirlər.

Rusiyanın rəsmi mövqeyinə görə, Finlandiya, İsveç və Baltik ölkələri Londonun təsiri altında Kalininqradı bloklamağa, Almaniya isə Rusiyaya qarşı kütləvi dron istehsalına başlayıb. Moskva hesab edir ki, bu proseslər NATO-nun 5-ci maddəsi ilə deyil, məhz hibrid ssenarilərlə idarə olunur.

Dövlətlər sadəcə rəqibin ümumi gücündən qorxmurlar; onları ən çox qorxudan coğrafi yaxınlıq və niyyətlərdir. Rusiya üçün Sankt-Peterburq və Kalininqrad kimi strateji mərkəzlərin NATO üzvü olan Finlandiya və Baltik ölkələrinin yaxınlığında olması ciddi təhlükə balansı yaradır. Qərb üçün isə Rusiyanın sualtı kabelləri kəsməsi, GPS sistemlərini pozması və “kölgə donanması” ilə təhlükəsizliyi pozması eyni dərəcədə ciddi bir təhdiddir.

Hər iki tərəf bir-birinin addımlarını “müdafiə” kimi deyil, “hücum hazırlığı” kimi qəbul etdiyi üçün, səhv hesablama riski gündən-günə artır”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: