Hikmət Həsənovun işgəncə əmrlərini icra edən köməkçisi yenidən məhkəməyə çıxarıldı – “Tərtər işi”

2017-ci ilin may-iyun aylarında Tərtərdə hərbçilərə qarşı kütləvi işgəncələrlə bağlı daha bir qrupun məhkəməsi başlayıb. Bu qrupa daxil olan 5 nəfər arasında o zaman korpus komandiri olan və bu işgəncələrə rəhbərlik etdiyi iddia edilən general Hikmət Həsənovun köməkçisi Fuad Ağayev də var.

Fuad Ağayev özü isə Hikmət Həsənovun köməkçisi olmaqdan əlavə həm də, I Ordu Korpusunun hüquqşünası vəzifəsini tutub. Hazırda onunla eyni qrupda məhkəmə qarşısında dayananlar Qurban Cümşüdov, Cavid Ağadadaşov, Ramil Əhmədovdur.

Ramil Əhmədov hərbidə psixoloq kimi fəaliyyət göstərib. Cavid Ağadadaşov və Qurban Cümşüdov isə Xüsusi Təyinatlı Bölükdə xidmət edən gizirlər olublar.

Həm Fuad Ağayev, həm də Ağadadaşovla Cümşüdov bundan əvvəl Tərtərdəki işgəncələrə görə cəzalandırılıb. Fuad Ağayev 10 il azadlıqdan məhrum edilib. Digər ikisinin hər birinə isə 6 il həbs cəzası verilib. Lakin Baş Prokurorluqda 2021-ci ilin dekabrında “Tərtər işi” üzrə icraat təzələnəndən sonra onlarla bağlı yenidən iş başlayıb və əlavə ittihamlar irəli sürülüb.

Globalinfo.az xəbər verir ki, “Tərtər işgəncələri” üzrə bundan əvvəlki hər biri 4 nəfərlik iki qrupun işində olduğu kimi, bu qrupun da işinə Bakı Hərbi Məhkəməsinin sədri və hakimləri baxır. Lakin məhkəmə prosesi Sumqayıt Məhkəmə Kompleksində keçirilir.

Avqustun 17-də məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları elan edilib. Ardınca hakim Zeynal Ağayev bildirib ki, bu iş üzrə 317 nəfər zərərçəkmiş qismində tanınıb. Daha 4 nəfər isə işgəncə nəticəsində həyatını itirmiş şəxsin hüquqi varisi var.

Hakim onu da bildirib ki, məhkəməyə bir neçə ərizə daxil olub. Zərərçəkmişlərdən Nemət Məhərrəmov məhkəməyə gəlib-getməyə maddi imkanı olmadığını bildirir, yol, yemək, hotel xərclərinin qarşılanması üçün məhkəmənin tədbir görməsini istəyir.

Tərtərdə işgəncə nəticəsində həyatını itirmiş hərbi qulluqçu Elçin Quliyevin anası Validə Əhmədova Fuad Ağayev və 4 nəfərin qrupunda zərərçəkmiş qismində tanınmayıb. O isə ərizəsində bu qrupun məhkəməsində zərərçəkmiş qismində  tanınmasını istəyir.

Vəkillər Validə Əhmədovanın zərərçəkmiş qismində tanınmasına etiraz edib.

Prokuror Orxan Kəngərli bu vəsatətin baxılmamış saxlanmasını təklif edib: “Məhkəmə prosesinin gedişində bu məsələyə baxılmasını zəruri edən hansısa hal üzə çıxarsa, o halda, baxıla bilər”.

Zərərçəkmişlər isə Validə Əhmədovanın zərərçəkmiş qismində tanınmasını, onun bu statusda prosesdə iştirakına şərait yaradılmasını istəyiblər:

“Balası ölmüş ananı necə zərərçəkmiş kimi tanımaq istəmirsiz? Validə ana mütləq zərərçəkmiş kimi tanınmalıdır bu prosesdə”.

Lakin məhkəmə bu ərizəni təmin etməyib.

“Məhkəmə daxil olan ittiham çərçivəsində işə baxır. Məhkəmə ittihamı yüngülləşdirə bilər, lakin ittihamı ağırlaşdıra bilməz. Zərərçəkmişlərin sayını artırmaq, ittihamı ağırlaşdırmaq anlamına gəlir. Biz qanunu poza bilmərik”, – hakim belə deyib.

Təqsirləndirilən şəxslərin vəkilləri məhkəmə prosesinin qapalı keçirilməsi barədə vəsatət qaldırıb. Zərərçəkmişlər buna da etiraz ediblər. Onlar tələb ediblər ki, məhkəmə prosesi açıq keçirilsin: “Mənə qapalı əziyyət verməyiblər ki, məhkəmə də qapalı keçirilsin. Açıq keçirilsin ki, burada olanları da hamı bilsin…”

Məhkəmə prosesin qapalı keçirilməsi barədə vəsatəti də təmin etməyib.

Fuad Ağayev və digərlərinin işi üzrə məhkəmə baxışı avqustun 31-nə təyin edilib.

Tərtər işgəncələrində ən çox adı hallanan şəxslərdən biri məhz general Hikmət Həsənovdur. Zərərçəkmişlər onun hadisə yerində olduğunu, işgəncələrə rəhbərlik etdiyini, bir sıra hallarda, özünün də işgəncə verdiyini iddia edirlər.

Dəfələrlə məhkəmədə onun dindirilməsi barədə vəsatət qaldırılıb.

Globalinfo.az