Gömrük Komitəsinin terrora bərabər təbriki: Xanım mütəxəssis elə şeylər danışdı… – VİDEO

Dövlət Gömrük Komitəsi (DGK) 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə qurumun qadın əməkdaşlarını fərqli formada təbrik edib. Həmin təbrik sosial şəbəkələrdə, mediada birmənalı qarşılanmayıb. Əksər rəylərdə vurğulanır ki, bu, təbrikdən çox mənəvi terror, psixoloji işgəncədir.

DGK-nın qadın əməkdaşlarına stress yaşatması tənqid olunub. Belə ki, sözügedən videoda komitənin Daxili Təhlükəsizlik İdarəsinin əməkdaşları otaqlara daxil olub qadınların adlarını çəkərək onları belə təbrik ediblər:

“Xidməti davranış qaydalarına əməl etməmələri, intizamsızlıq, gömrük orqanı adına xələl gətirəcək hərəkətlərə yol verdikləri ilə bağlı… deyil, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edirik. Əziz xanımlar, bayramınız mübarək!”

Görüntülərdən xanım əməkdaşların həmin ana qədər gərgin vəziyyətdə olduqlarını və stress keçirdiklərini görmək mümkündür. Onlar yalnız təbrikdən sonra bunun 8 Mart zarafatı olduğunu anlayıblar.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan psixoloq Gülnar Orucova deyib ki, o videoya baxanda qadınların üzündəki narahatlıq, qorxu bariz şəkildə görünür:

Psixoloq Gülnar Orucova: “Qadınlar xəyanəti düşünüb edirlər” - 7Times.Az – Son Xəbərlər, Dünya Xəbərləri və Multimedia

Gülnar Orucova

“Ümumiyyətlə, ola bilər ki, bu kiminsə üçün kreativ təbrikdir, amma daha çox xanımlara qorxu, stress yaradır. Bu cür addımlar heç də xoşagələn deyil.

Ola bilər ki, həmin təbrik zamanı xanımlara bahalı hədiyyə verilib, amma bir çoxunu danışdırsan deyər ki, belə stress, qorxu yaşamaqdansa hədiyyə almamaq daha yaxşıdır.

Ümumiyyətlə, hər bir insan rəhbərinə hörmətlə yanaşır. Bir işçinin rəhbərdən hər hansı bir etiraz gözləməsi, ya da sadə formada onun adının hallanması narahatlıq yaradır. Videoda xanımların da üzündə bu narahatlıq var.

Bu gün bütün peşə sahələri iş prosesi zamanı bu və ya başqa formada stress yaşayır. Stress həyatımızın bir hissəsinə çevrilib. Misal üçün, işə gedən bir insan dayanacaqda nəqliyyat gözləyir. Nəqliyyatın gecikməsi, ya da avtobusda, metro qatarında sıxlığın olması işə gecikməyə səbəb olur. Bununla da günün ilk stressi yaşanır. İşdə tapşırıqların icra edilməsi, digər amillər də stress yaradır.

İnsanlar bu qədər gərginlik içində rahatlamaq, de-şarj olmaq istəyir. Bunun üçün isə iş yoldaşlarından, ailə üzvlərindən dəstək gözləyir. Bu mənada təbrik adı altında edilən bu davranışı düzgün hesab etmirəm. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, qorxudan insan ciddi xəstəliklərə tutula bilər. Məsələn, şəkər xəstəliyi, təzyiq və s.

Həmin videonu izləyən bir çox insan da bənzər fikirləri səsləndirir. Bu həm də onu göstərir ki, cəmiyyətdə məsələyə baxış birmənalı deyil və əksəriyyət bu cür təbriki doğru hesab etmir”.

Globalinfo.az olaraq bu mövzuda DGK-nın mövqeyini dərc etməyə hazırıq.

Turan Rzayev
Globalinfo.az