Fəzail Ağamalıdan Vahid Əhmədova: “…cavab verməlidir”

 

Deputat Vahid Əhmədovun bloger Mehman Hüseynova müsahibəsi Milli Məclisdə ciddi müzakirə olundu. Həmkarları V.Əhmədovu müsahibədə səsləndirdiyi fikirlərə görə sərt tənqid etdilər. Onu dövlətin maraqlarına qarşı çıxmaqda suçladılar. Təklif olundu ki, deputatın işinə baxmaq üçün İntizam komissiyasında araşdırma aparılsın. Sosial şəbəkələrdə bəziləri bunu söz azadlığına, düşüncə müxtəlifliyinə qarşı hakimiyyətin mövqeyi kimi təqdim edir. Amma müzakirələrdən belə anlaşdı ki, məsələ daha dərindir.

Mövzu ilə bağlı Globalinfo.az-a açıqlamasında millət vəkili Fəzail Ağamalı məsələnin söz azadlığı ilə bağlı olmadığını deyib.

Onun sözlərinə görə, V.Əhmədov həmkarlarına qarşı hörmətsizlik edib:

“Burada söhbət Vahid Əhmədovun çıxışı zamanı dövlətin aparmış olduğu siyasətə qarşı etdiyi təhdiddən, qərəzli və böhtan xarakteri daşıyan münasibətindən gedir. Digər tərəfdən isə partiyalara qarşı qərəzli fikirlər səsləndirib. Guya iki partiyadan başqa heç bir partiya səs toplaya bilməz. Amma onun sitayiş etdiyi və vaxtilə onu hakimiyyətə baş nazirin birinci müavini kimi gətirən, bununla da insanları fəlakətə sürükləyən qüvvələr – AXCP, Müsavat qalib gələ bilər.

Görünür, bu, nostalgiyadan irəli gəlir. Adam onların mövqeyi ilə yanaşır. Eyni zamanda o, Milli Məclisdə özündən və iki nəfərdən başqa digər deputatların da legitimliyini şübhə altına alan qərəzli müsahibə verib. Vahid Əhmədov ölkədə çatışmayan məsələlər haqda fikir söyləyəndə ona heç vaxt irad bildirilməyib. Amma deputat atdığı böhtan və iftira dolu açıqlamasına görə yaranan suallara cavab verməlidir”.

Əməkdaşımızın V.Əhmədovu hansı cəza gözləyir sualına isə F.Ağamalı konkret cavab verməyib:

“Hazırda heç bir fikir deyə bilmərəm. İntizam Komissiyasının birgə müzakirəsindən sonra dəqiq bir söz deyə bilərik. Bu, doğru olmaz. İntizam Komissiyasının yığıncağını gözləyək”.

Zaira Akifqızı
Globalinfo.az