Ermənistanla Azərbaycan arasında təcili sülh sazişi – Məkan bu şəhər

“ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəlik brifinqdə Vaşinqtonun Ermənistanla Azərbaycan arasında birbaşa müzakirələrə başlanılmasının tərəfdarı olduğunu deyib. Amerikalı diplomat uzunmüddətli razılaşmanın əldə edilməsi üçün iki ölkənin üzbəüz danışıqlar aparmasının vacib olduğunu bildirib”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Cənubi Qafqaza, o cümlədən Ermənistan və Azərbaycana səfəri davam edən Böyük Britaniyanın Avropa naziri Leo Dokerti də deyib ki, sülh və sabitliyin uzunmüddətli nizamlanmasına nail olmaq üçün Ermənistan və Azərbaycan arasında birbaşa sülh danışıqlarına təcili ehtiyac var:

“Vaşinqtonun və Londonun birbaşa danışıqlarla bağlı mövqeyi rəsmi Bakının mövqeyi ilə üst-üstə düşür. Prezident İlham Əliyev də Ermənistanla birbaşa danışıqlar ideyasını dəstəkləyir. Həqiqətən uzaq Vaşinqtona, Brüsselə və ya Moskvaya gedib bu ölkələrin vasitəçiliyi ilə danışıqlar aparmaqdansa, Gürcüstanın paytaxtı Tbilisidə müzakirələrin başlanılması hamı üçün faydalı olar”.

Politoloqun fikrincə, Azərbaycan və Ermənistan hər tərəfdən 5 və ya 10 nəfərin iştirakı ilə mütəxəssislərdən formalaşan birgə qrup yaratmalı və bu qrup Tbilisdə daimi əsasda müzakirələrə başlamalıdır:

“Əks halda, Bakı İrəvana təkliflərini göndərəcək, aylar sonra onlar cavab göndərəcək və bu proses yenidən təkrarlanacaq, nəticə də olmayacaq. Daimi komissiya sülh sazişi, sərhədlərin müəyyənləşdirilməsi və dəhliz mövzusunda müzakirələr aparmalı, yekun sənədi iki ölkənin liderinə təqdim etməlidirlər”.

Zaira Akifqızı
Globalinfo.az