Ermənistanın sərhəd aktivliyinin səbəbi – “Rayonlar buna görə boşaldılır”

Ermənistan parlamentinin deputatı Qarnik Danielyan deyib ki, Mehridə bəzi  dövlət qurumları bağlanıb, əhali yavaş-yavaş ərazini tərk edir. Bir qədər əvvəl isə Azərbaycanla şərti sərhəddə yerləşən Vardenis (Basakeçər – red) və Çəmbərək bölgələrində pasport yoxlanışı məntəqələri və bir sıra dövlət strukturlarının bağlandığı açıqlanmışdı.

Maraqlıdır, Ermənistan tərəfinin sərhəd aktivliyinin səbəbi nədir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev qeyd edib ki, tarixi Azərbaycan torpaqlarında və Zəngəzur dəhlizinin keçdiyi ərazidən Ermənistana aid dövlət qurumlarının fəaliyyətini dayandırması təəccüblü deyil:

“Bu barədə daha əvvəl də Ermənistana xəbərdarlıq etmişdik. 10 Noyabr 2020-ci il birgə bəyanatı ilə İrəvan üzərinə götürdüyü bütün öhdəlikləri tam həcmdə yerinə yetirməli idi. Görünür, Ermənistan Zəngəzur dəhlizinin açılması istiqamətində əhəmiyyət kəsb edəcək addımların atılması görüntüsünü yaratmağa çalışır. Lakin bu barədə hələ də rəsmi İrəvandan qəti və son qərar qəbul edilməyib”.

Ədalət Verdiyev

Ekspert bildirib ki, Ermənistan Fransanın dəstəyi ilə növbəti hərbi toqquşmalara yox, sülh gündəliyinə hazırlaşmalıdır:

“İrəvan Zəngəzur dəhlizinin açılmasında, sülh sazişinin imzalanmasında və delimitasiya, demarkasiya proseslərinin başlamasında maraqlı olmalıdır. Bu gün sülh İrəvana daha çox lazımdır”.

Safura Bənnayeva
Globalinfo.az