“Biz Moskva ilə siyasi tərəfdaşlıqdan imtina edirik, Rusiya Prezidenti Vladimir Putin bizim üçün yaxşı müttəfiq deyil”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin hakim “Mülki müqavilə” fraksiyasının deputatı Akop Aslanyan deyib.
Onun sözlərinə görə, İrəvan hakimiyyəti Moskva ilə bağlı sərt çıxışlar etsə də, bunlar sadəcə siyasi sferaya aiddir:
“Baş nazir Nikol Paşinyan Azərbaycanla sülh danışıqlarında Rusiyanın vasitəçiliyinin mümkün olduğunu deyəndə sadəcə üçtərəfli müzakirəni nəzərdə tuturdu. Yəni bu, Moskva-İrəvan münasibətlərinə birbaşa aid deyil. Bizə elə gəlir ki, Rusiya danışıqlarda Ermənistandan çox Azərbaycanın maraqlarına uyğun çıxış edir. Lakin bu o demək deyil ki, biz o ölkə haqqında pis sözlər söyləməliyik. Məsələ sadəcə xarici siyasətlə bağlıdır, digər istiqamətlərə aidiyyəti yoxdur”.
A.Aslanyan bildirib ki, İrəvanın Bakı ilə danışıqlarda Moskvanın vasitəçiliyinə qarşı çıxması, anti-Rusiya siyasəti apardığı mənasına gəlmir:
“Bir müddət əvvəl Ermənistan çevriliş təhlükəsi ilə üzləşdi. Bu təşəbbüsün müəlliflərindən biri də Rusiya ola bilər. Lakin yenə də onun haqqında təhqiramiz ifadələrə yol verməməliyik.
Həmçinin bizim iqtisadi sahədə Rusiyadan tam asılı olduğumuza dair fikirlər əsassızdır. Bu asılılıq əsasən Sovet dövründə idi, bu gün isə 42 faizə yaxındır. Eyni zamanda, Ermənistan Avropaya inteqrasiya yolu ilə gedir, Avropa ölkələrinə ixracın həcmini daha da artırmaq üçün istehsal olunan məhsulların keyfiyyətinin yüksəldilməsi istiqamətində işlər aparılır”.
Ayşən Mustafa
Globalinfo.az