Ermənistanın böyük qorxusu – Bakı “Araik planı”na razılaşacaq?

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanda həbs edilən keçmiş qondarma qurumun “lider”lərinin (Araik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan) dəyişdirilməsinin mümkünlüyü ilə bağlı suala belə cavab verib:

“Ermənistan azərbaycanlı əsirləri erməni hərbi əsirlərlə dəyişməyə hazırdır”.

Maraqlıdır, Paşinyanın Bakıda saxlanılan separatçılarla bağlı təklifinə Azərbaycandan hansı cavab verilə bilər?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Milli Məclisin deputatı Arzu Nağıyev qeyd edib ki, 2020-ci ilin noyabr ayından başlayaraq Azərbaycan Ermənistana əsir-girovların mübadiləsi, minalanmış ərazilərin mina xəritələrini və kütləvi məzarlıqların yerlərinin müəyyən edilməsi istiqamətində bir çox təklif irəli sürüb:

“Rəsmi Bakı bu məsələdə daim adekvat davranıb. Lakin İrəvan iki əsgərimizin dumanlı hava şəraiti ilə əlaqədar yolu azaraq Ermənistan ərazisinə keçməsini də şouya çevirdi. Dəfələrlə həmin əsirlərin geri qaytarılması istiqamətində təkliflər irəli sürüldü, lakin bu baş tutmadı. Bəs necə oldu ki, terrorçu “liderlər” yada düşdü?! Görünür, bu həm daxili auditoriyaya hesablanmış siyasi gedişdir, həm də İrəvan həmin istiqamətdə havadarları, beynəlxalq təşkilatlar tərəfindən təzyiqlərə məruz qalırlar.

Arzu Nağıyev

Azərbaycanın daxili və xarici siyasəti var və qərarlarını özü verir. Bu günə qədər yada düşməyən proses indi separatçıların geri qaytarılması məsələsində gündəmə gətirilir. Təkliflər müzakirə edilə bilər, lakin son qərarı yenə rəsmi Bakı verəcək”.

Safura Bənnayeva
Globalinfo.az