“İran xüsusi xidmət orqanları Azərbaycan haqda məlumatları Ermənistana ötürür” – Sirlər açılır

Ötən gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, nazirlər ikitərəfli gündəliyin aktual məsələlərini, habelə regional vəziyyəti müzakirə edib.

Telefon danışığı noyabrın 14-də Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin İran xüsusi xidmət orqanlarının Azərbaycanda casus şəbəkəsini ifşa etməsi ilə bağlı məlumat yaydığı günə təsadüf edir.

Bundan öncə isə noyabrın 1-də Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İran xüsusi xidmət orqanının nəzarəti altında yaradılmış qanunsuz silahlı birləşmənin ifşa edildiyi barədə məlumat yaymışdı.

Mövzu ilə bağlı millət vəkili Arzu Nağıyev Globalinfo.az-a açıqlamasında bildirib ki, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti orqanları bu istiqamətdə çox ciddi əməliyyatlar aparır və İranın Azərbaycanda olan agentura şəbəkəsinin aşkarlanması bu əməliyyatlardan biridir:

 

“Bu, bir daha göstərir ki, İran nə qədər müxtəlif bəhanələr gətirsə və təhdidedici addımlar atsa da, Azərbaycan xüsusi xidmət orqanları tam şəkildə əməliyyat şəraitinə nəzarət edir.

Eyni zamanda, bizim enerji sektoruna, boru kəmərlərinə, gəmilərə, hərbi texnikaya qarşı atılan bu addımlar, İran agenturası tərəfindən məlumatların toplanması birmənalı şəkildə heç də Azərbaycanla dostluqdan xəbər vermir. İran dövlət olaraq öz xüsusi xidmət orqanlarının agentlərinə nəyin bahasına olursa-olsun Azərbaycan haqda çox ciddi məlumatları əldə etmək və düşünürəm ki, Ermənistana ötürmək kimi bir funksiyanı yerinə yetirməyi tapşırıb. Bu, ciddi şəkildə Azərbaycan tərəfindən nəzarətdə saxlanılır. Hesab edirəm ki, bu əməliyyatların davamını görəcəyik. İfşa olunanlar içində yenə də Qum şəhərində dini təhsil almış və ya müəyyən maddiyat hesabına cəlb olunmuş agentura şəbəkəsinin olması da İran xüsusi xidmət orqanlarının dəsti xəttidir”.

Millət vəkilin sözlərinə görə, regionda yaranmış vəziyyət, eləcə də Türkiyədə törədilən terror aktı ilə əlaqədar xüsusi xidmət orqanları gücləndirilmiş iş rejimində çalışırlar. O qeyd edib ki, Azərbaycan Türkiyənin yanındadır və iki ölkənin xüsusi xidmət orqanları koordinasiyalı şəkildə əməliyyat şəraitinə nəzarət edir və istənilən təhdidin qarşısını almağa hazırdırlar.

A.Nağıyev əlavə edib ki, Gürcüstan ərazisində də İran xüsusi xidmət orqanları əsasən azərbaycanlıların kompakt yaşadığı ərazidə məzhəb, din ayrılığı, sünni-şiə məsələsini qabartmaqla öz natəmiz əməllərini həyata keçirməyə, bununla da azərbaycanlıların yaşadığı rayonlarda onların arasında nifaq salmaqla öz məkrli məqsədləri üçün istifadə etməyə çalışırlar.

O, sonda qeyd edib ki, hər bir problemin danışıqlar yolu ilə həlli var:

“Lakin İran-Azərbaycan münasibətlərində bu gün vəziyyət elə bir pik həddə çatıb ki, tək danışıqlarla bu məsələni həll etmək mümkün deyil. Çünki açıq şəkildə Ermənistanla əlbir olan İran Azərbaycana qarşı ciddi təxribatlar həyata keçirir. Bu gün yüksək səviyyədə hər hansı bir bəyanat verilməsə də, qətnamə qəbul edilməsə də, bu proseslər heç də müsbət məcraya yönəlmir. Təbii ki, danışıqlar aparmaq lazımdır, lakin İran öz iddialarından da birmənalı şəkildə əl çəkməlidir”.

Gülnar Səlimova
Globalinfo.az