Ermənistandan Qərbə şantaj: “Dəstək verilməsə, müharibə olacaq”

Aprelin 9-dan Ermənistan parlamenti 4 günlük parlament iclaslarına başlayıb. Toplantı bu gün də davam edir. Əsas məsələ isə sərhədlərin delimitasiya və demarkasiyası, Qazaxın 4 kəndinin geri qaytarılmasıdır.

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan açıqlamasında bildirib ki, ölkəsi Azərbaycanın şərtlərini rədd etsə, müharibə olacaq. Nazir bunun üçün resurslarının olmadığını deyib.

Baş nazir Nikol Paşinyan isə bugünkü açıqlamasında həmin kəndlərin geri qaytarılmasının müharibənin başlamayacağına zəmanət vermədiyini bildirib. Yəni müharibə çağırışları davam edir.

Ermənistanın narahatlığının səbəbi nədir? Müharibə gözləniləndirmi?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Ramiz Alıyev deyir ki, Ermənistanda parlament səviyyəsində Azərbaycan və Ermənistan arasında delimitasiya, demarkasiya prosesini sürətləndirmək, Qazaxın 4 kəndinin geri qaytarılması məsələsi müzakirə edilir:

“Təəssüf ki, radikal və revanşist qüvvələr prosesin inkişaf etməsinə mane olur. Ermənistan rəsmilərinin səsləndirdiyi fikirlər də qətiyyətli deyil. Ermənistan parlamentinin sədri Alen Simonyan da bəzi qərəzli fikirləri ilə gündəmə gəlir. O, sülh müqaviləsinin şərlərinin Ermənistanı qane etməyəcəyi təqdirdə, onun imzalanmayacağını qeyd etmişdi. Ermənistan XİN-in bəyanatlarında da eyni yanaşmanın şahidi oluruq”.

Politoloqun fikrincə, Ermənistan öz havadarlarını şantaj etməklə məşğuldur:

“Rəsmi İrəvan sanki Fransaya, bütövlükdə Qərbə göstərmək istəyir ki, Azərbaycanla sülh müqaviləsi imzalayacaq. Qarşılığında da Ermənistana lazım olan dəstəyin verilməsini tələb edir.

5 aprel Brüssel görüşündən sonra erməni rəsmiləri sülh müqaviləsinin imzalanması, delimitasiya və demarkasiya prosesinin sürətləndirilməsi ilə bağlı aktivlik nümayiş etdirirlər”.

R.Alıyev qeyd edir ki, Ermənistan Brüssel görüşündən sonra, ABŞ və Aİ-nin ondan yalnız Türkiyə və Rusiyaya qarşı alət kimi istifadə etmək niyyətində olduğunu başa düşdü:

“Verilən müharibə xəbərdarlıqları 5 aprel görüşündən istədiyi nəticəni ala bilməyən İrəvanın Qərbə ünvanladığı mesajlardır. Lakin Ermənistan unutmamalıdır ki, imzalanan hər bir sənədin bitmə müddəti var. O vaxta qədər üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsə, qarşı tərəf bunu məcbur şəkildə edəcək”.

Safura Bənnayeva
Globalinfo.az