Ermənistanı iki ölkənin dəhşətli taleyi gözləyir – Simonyan etiraf etdi

Ermənistan parlamentinin spikeri Alen Simonyan Bakı və İrəvan arasında ticarət əlaqələrinin bərpa edilməsinin zəruri olduğunu deyib. O həmçinin sülh və qonşuluq şəraitində yaşamağın iki xalq üçün də ən doğru yol olduğunu vurğulayıb.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov qeyd edib ki, Ermənistan rəsmiləri, baş nazir Nikol Paşinyan dəfələrlə sülh istədikləri istiqamətində fikirlər səsləndiriblər:

“Siyasətdə və diplomatiyada bəyanatları deyil, hərəkətləri qiymətləndirmək lazımdır. Ona görə ki bəyanatlar bir çox hallarda yalnız manipulyasiyaya hesablanır.

Rəsmi İrəvan sülh istəyində səmimi olsa da, lazımi səy göstərmir. Ermənistan bunun üçün xarici güclərin, o cümlədən ABŞ və Fransanın təzyiqindən uzaqlaşıb siyasi iradə nümayiş etdirməlidir. Başa düşürlər ki, Azərbaycan regionun aparıcı siyasi aktorudur. Rəsmi İrəvan bölgədə mövcudluğunu təmin etmək üçün mütləq Bakı ilə dil tapmalıdır. Bunun alternativi yoxdur. Əks halda Ermənistan regionda əməkdaşlıqdan kənarda qalacaq. Digər tərəfdən rəsmi İrəvan Qərb və Rusiya arasında poliqona çevrilib. Gələcəkdə Suriya və Ukraynanın taleyini yaşaması da istisna deyil. Bunun qarşısını almaq üçün isə təhlükəsizlik çətiri yaratmalıdır.

Kənan Novruzov

Simonyan bu açıqlaması ilə Ermənistan iqtisadiyyatının getdikcə zəiflədiyini etiraf etmiş oldu. Bunun da səbəbi regionda əməkdaşlıqdan kənar olmasıdır. İrəvan Azərbaycanla ticarət əlaqələrini bərpa etmək üçün əvvəlcə danışıqlar masasına oturmalıdır“.

Safura Bənnayeva
Globalinfo.az