Ermənilərin 20 sentyabr hazırlığı – Belə zərbə vurmaq istəyirlər

ABŞ-dakı erməni lobbisi Azərbaycana qarşı yeni qanun layihəsinə hazırlaşır.

Globalinfo.az xəbər verir ki, bu məlumatı Daşnaksütyun Partiyasının Bürosu yayıb.

Bildirilib ki, ABŞ Nümayəndələr Palatasının konqresmeni Adam Şiff Azərbaycanın ABŞ-dakı maliyyə aktivlərinin müsadirə olunub, saxta “Qarabağın gəlirlərinin bərpası fondu”na verilməsi barədə qanun layihəsini Konqresə təqdim etməyə hazırlaşır. Erməni lobbisinin əsas simalarından hesab edilən Şiff bu addımı Qarabağ ermənilərinin kompensasiya alması üçün atdığını deyib.

Daşnaksütyunun qanadı olan “Ay Data”nın Vaşinqton ofisinin direktoru Aram Ambaryan da məsələyə münasibət bildirib. O, Şiffin addımını “cəsarətli” adlandırıb və Amerika Erməniləri Milli Komitəsinin (ANCA) onu dəstəkləməkdən qürur duyduğunu vurğulayıb.

Ümumilikdə Adam Şiffin qanun layihəsinə Frenk Pallone, Qeyb Amo, Coys Bitti, Cim Kosta, Enn Eşu, Coş Qothaymer, Duq La Malfa, Set Maqaziner, Ceyms Makqovern, Qreys Men, Kevin Mallin, Qreys Napolitano, Eleonora Xolms Norton, Yen Şakovski, Linda SAnçes, Bred Şerman, Dina Titus və Lori Trexan qoşulub.

Əliyar Xəlil
Globalinfo.az