Erməni mediası Fransada yaşayan tarixçi Altay Göyüşovun Zəngəzurla bağlı fikirlərini geniş şəkildə yayıb.
Globalinfo.az xəbər verir ki, Göyüşovun “İndiyə qədər Azərbaycan tarixində heç kim erməni Sünikini “Şərqi Zəngəzur” adlandırmamışdı” fikri erməni mediasında xüsusi diqqət çəkib.
Yayılan materiallarda tarixçinin “Şərqi Zəngəzur” ifadəsinin işlədilməsinin məntiqi baxımdan “Qərbi Zəngəzur da var” qənaəti yaratdığını bildirməsi ön plana çıxarılıb.
Bu fikirlərdən Azərbaycanın Ermənistana qarşı ərazi iddiası irəli sürdüyü barədə nəticə çıxarmağa cəhd edilib.
Lakin Azərbaycan dəfələrlə Ermənistan ərazisinə iddiasının olmadığını bəyan edib. Prezident İlham Əliyev müxtəlif çıxışlarında Azərbaycanın öz ərazi bütövlüyünü təmin etdiyini və başqa ölkələrə torpaq iddiası irəli sürmədiyini bildirib.
Zəngəzurun qədim Azərbaycan torpağı olması isə dəyişməz faktdır.
Rəsmi Bakı Qərbi Azərbaycanın da tarixi ərazisi olduğunu bildirir, lakin heç bir halda bu yerlərə iddia irəli sürmür.
Bu yanaşma 8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin imzaladığı Birgə Bəyannamədə əksini tapan prinsiplərlə də uyğundur.
Sənəddə beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazi əldə etmək üçün güc tətbiqinin yolverilməzliyi vurğulanır.
Ümumiyyətlə, sülh prosesinin getdiyi bir məqamda Altay Göyüşovun belə bir fikir ortaya atması anlaşılmazdır.
Qeyd edək ki, erməni mediası daha əvvəl də Altay Göyüşovun fikirlərindən Azərbaycana qarşı istifadə edib. Onun xüsusilə 44 günlük müharibədən əvvəl “Azərbaycan ordusu savaşda qalib gələ bilməz” fikri Ermənistan mediasında, sosial şəbəkə seqmentində geniş tirajlanmışdı.
Aqşin Evrən
Globalinfo.az