Əliyevin dostu seçkilərdə qələbə qazandı – “Ondan tələb edirlər ki…”

Serbiyada növbədənkənar parlament seçkiləri keçirildi. Seçkilərdə Xalq Məclisinin (birpalatalı parlament) 250 üzvü dörd il müddətinə, habelə onların Belqrad və Voyvodina Muxtar Vilayəti də daxil olmaqla 65 şəhər və bələdiyyədəki nümayəndələri seçilib.

Maraqlıdır, Serbiyadakı seçkilərin regiona təsiri necə olacaq? Nəticələr rəsmi Belqradla Bakı arasında münasibətlərə təsir edəcək?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Prezident Aleksandar Vuçiçin lideri olduğu Serbiya Proqressiv Partiyası müxalif partiyaları üstələyib:

“Buna baxmayaraq, 250 millət vəkili mandatına sahib olan birpalatalı Serbiya parlamentində Vuçiçin partiyasının təkbaşına hökumət formalaşdıracağı problematikdir. Vuçiçin partiyası müxalif partiyalardan biri ilə koalisiya formalaşdırmaq məcburiyyətindədir.

Serbiyada parlament seçkisi bir çox səbəbdən beynəlxalq aləmin diqqət mərkəzindədir:

Birincisi, Avropa İttifaqı Serbiyanın Kosovonun müstəqilliyini tanımasını istəyir. Brüssel Serbiyanın Avropa İttifaqına üzvlüyünün bundan asılı olduğunu bildirib.

İkincisi, Brüssel Serbiyanın Rusiyaya qarşı sanskiyalarda yer almasını istəyir. Aleksandar Vuçiç Brüsselin təzyiqinə baxmayaraq, Ukrayna müharibəsinə görə Rusiya ilə əlaqələrdən imtinanın əleyhinədir. Ancaq əgər Serbiya Avropa İttifaqına üzv olarsa, Vuçiçin Brüsselin qərarlarına təslim olmaqdan başqa çarəsi qalmayacaq.

Elxan Şahinoğlu

Üçüncüsü, Serbiyada qüvvələr nisbətinin necə formalaşacağı Azərbaycan üçün də önəm kəsb edir. Vuçiçin dönəmində Serbiya Azərbaycanla tərəfdaş münasibətlər formalaşdırıb. Aleksandr Vuçiçlə azərbaycanlı həmkarı İlham Əliyev arasında dost münasibəti formalaşıb. Azərbaycan qazı Bolqarıstan üzərindən Serbiyaya çatdırılır. Azərbaycan şirkətləri Serbiyada infrastruktur layihələrdə iştirak edirlər. Yəni bu əlaqələr hər iki ölkə üçün faydalıdır”.

Turan Rzayev
Globalinfo.az