İran Futbol Federasiyası dünya çempionatının qrup mərhələsinin III turunda Misirlə keçiriləcək oyun öncəsi ABŞ-ı milli komandanın səfərinə mane olmaqda ittiham edib.
Globalinfo.az xəbər verir ki, bu barədə federasiyanın rəsmi açıqlamasında bildirilib.
Açıqlamada qeyd olunur ki, İran millisinin futbolçuları Misirlə oyun üçün hava limanına yollansalar da, ABŞ tərəfinin yaratdığı problemlər səbəbindən komandanın üzvləri, o cümlədən hücumçu Mehdi Taremi və məşqçilər korpusunun nümayəndəsi Səid Əlahoey gecikmə ilə üzləşiblər.
Nəticədə komanda hava limanında gözləməli olub.
Ağ Evin sözçüsü isə hər şeyin cədvələ uyğun getdiyini bildirib: “İran hətta cədvəldən bir neçə dəqiqə əvvəl gəlib”.
Qeyd edək ki, İran-Misir oyunu iyunun 27-də ABŞ-ın Lumen Field stadionunda keçiriləcək.
Bundan əvvəl ABŞ hakimiyyəti İran millisinin ölkəyə giriş qaydalarını qismən yumşaldaraq komandanın oyundan iki gün əvvəl ABŞ ərazisinə daxil olmasına icazə vermişdi.
İran millisi qrup mərhələsində keçirdiyi ilk iki oyunda heç-heçə edib. Komanda əvvəlcə Yeni Zelandiya, daha sonra isə Belçika ilə xalları bölüşüb.
Misirlə qarşılaşma iranlılar üçün pley-offa vəsiqə baxımından həlledici hesab olunur.
Xatırladaq ki, 2026-cı il futbol üzrə dünya çempionatı ABŞ, Meksika və Kanadada keçirilir.
Turnir iyunun 11-də başlayıb və iyulun 19-dək davam edəcək.
Əliyar Xəlil
Globalinfo.az