dost1

Xəbər verdiyimiz kimi, DOST Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdir müavini Teymur Hacıyev sosial şəbəkə hesabında əmək və əhalinin sosial müdafiəsi naziri, eyni zamanda DOST Agentliyinin Müşahidə Şurasının sədri Anar Əliyevə açıq məktubla müraciət edib. O, müraciətində əmək müqaviləsinə xitam verilməsi qərarına etiraz edərək işdən çıxarılması üçün yetərli hüquqi əsas olmadığını bildirib. Məlumata görə, qərarın səbəbi Teymur Hacıyevin çalışdığı qurumda tabeliyində olan xanım əməkdaşla sevgi münasibətləri yaşaması olub.

Bəs iş yerində rəhbər şəxslə tabeliyində olan əməkdaş arasında sevgi münasibətlərinin yaşanması əmək qanunvericiliyinin pozulması hesab edilə bilərmi? Belə bir münasibətə görə işçinin əmək müqaviləsinə xitam verilməsi qanunidirmi? İşəgötürən bu halda hansı hüquqi əsaslara söykənə bilər?

Globalinfo.az-a danışan hüquq müdafiəçisi Sahib Məmmədov deyib ki, işəgötürənlə işçi arasında yaranan əmək mübahisələrinin bəyanat və ya açıq məktublarla həlli nəzərdə tutulmayıb:

“Əgər işçi hesab edirsə ki, onun əmək hüquqları pozulub, bu halda fərdi əmək mübahisəsi başlada bilər. Şəxs ona tətbiq edilən inzibati tənbeh tədbirindən bir ay müddətində mediasiya prosesindən keçməklə məhkəməyə müraciət edə bilər. Bu məsələlər qanunvericiliklə tənzimlənir. Bəyanat vermək, açıq məktub yazmaq və digər bu kimi addımlar əmək mübahisələrinin hüquqi həlli yolu deyil”.

S.Məmmədov bildirib ki, iş yerində işçiyə və ya tabelikdə olan əməkdaşlara qarşı seksual qısnama halı baş veribsə, bu məsələ də qanunvericiliklə tənzimlənir:

sahib 1

Sahib Məmmədov

“Belə hallarda işəgötürən araşdırma aparmalı və təqsirkar şəxslər barəsində müvafiq tədbirlər görməlidir. Eyni zamanda, seksual qısnamaya məruz qalan şəxs öz arzusu ilə əmək müqaviləsinə xitam verə bilər”.

Vəkil Ramil Süleymanov qeyd edib ki, bu cür davranışlar, ilk növbədə öz təsdiqini tapmalıdır:

“Şəxslərin sevgili münasibətində olması, xüsusilə də bu münasibətlərin tabelik əlaqələrindən irəli gəlməsi kollektivdə iş rejiminin və ümumi etik dəyərlərin pozulması kimi qiymətləndirilə bilər. Əgər bu hallar iş vaxtı baş verirsə və ya digər əməkdaşların mütəmadi məlumatlandırması nəticəsində aşkar olunursa, müvafiq araşdırma aparılmalı, faktlar sənədləşdirilməli və akt tərtib edilməlidir. Bu sənədlər əsasında işəgötürən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq işçi ilə əmək müqaviləsinə xitam verə bilər.

ramil suleymanov 900x600 3

Ramil Süleymanov

Lakin söhbət dövlət qulluqçusundan gedirsə və qeyd olunan davranışların iş yerində baş verdiyi təsdiqlənərsə, bu, dövlət qulluqçusunun etik davranış qaydalarının, eləcə də “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması kimi qiymətləndirilə bilər. Bu əsaslarla şəxsin dövlət qulluğundan azad edilməsi məsələsinə baxıla bilər”.

Vəkil əlavə edib ki, işdən çıxarılan şəxsin əmrdən şikayət etmək hüququ var:

“Əgər həmin şəxs dövlət qulluqçusudursa, işdən azad edilməsi barədə əmri müvafiq inzibati məhkəmədə mübahisələndirə bilər. Digər əmək münasibətləri çərçivəsində isə əmək müqaviləsinə xitam verilməsi barədə əmrə rayon və ya şəhər məhkəmələrində etiraz etmək mümkündür”.

Məsələ ilə bağlı DOST Agentliyinə sorğu ünvanladıq. Agentlikdən Globalinfo.az-ın sorğusuna belə cavab verilib:

“Teymur Nadir oğlu Hacıyevin şikayəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində araşdırılıb. Onun fəaliyyətində buraxdığı ciddi nöqsanlar öz təsdiqini tapıb və işdən azad edilməsi ilə bağlı qərar qəbul edilib. Əlavə şərhimiz yoxdur”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: