etibar

AMİP lideri Etibar Məmmədovla bağlı sosial şəbəkələrdə video yayılıb. Görüntülər 1998-ci ilin oktyabr ayında çəkilib. Həmin il Azərbaycanda keçirilən prezident seçkilərində Etibar Məmmədov namizəd kimi iştirak edirdi. O, seçkidən sonra Mərkəzi Seçki Komissiyasının elan etdiyi nəticələrdən narazı qalmışdı. Buna görə də tərəfdarlarını meydanlara səsləmişdi.

1998-ci ilin oktyabr ayında Yasamal rayonunda, Bakı Dövlət Universitetinin yaxınlığında polislə E.Məmmədovun tərəfdarları arasında toqquşma oldu. Etibar Məmmədov vəziyyətin mürəkkəbliyini görüb, xidməti maşınına minib, ərazidən uzaqlaşdı. Həmin vaxt mətbuat Etibar Məmmədovun bu davranışını sərt tənqid etmişdi. Jurnalistlər bir liderin tərəfdarlarını meydanda qoyub qaçmasının yolverilməz olduğunu yazırdılar.

Xatırladaq ki, 1998-ci il seçkisi olduqca gərgin və demokratik keçirildi. Müxalif favorit namizədlər Əşrəf Mehdiyev, Nizami Süleymanov və Etibar Məmmədov idi. Demkonqresdə təmsil olunan aparıcı partiyalar və ona yaxın olan müttəfiq təşkilatlar boykot yolu seçdilər. Buna səbəb Əbülfəz Elçibəyin, İsa Qəmbərin, Rəsul Quliyevin, Lalə Şövkət Hacıyevanın və İlyas İsmayılovun aralarından vahid namizəd seçilməsinə razılaşa bilməmələri olmuşdu.

Mərhum prezident Heydər Əliyev bu seçkidə böyük üstünlüklə qalib gələrək ikinci dəfə Azərbaycan Respublikasının prezidenti seçildi.

Etibar Məmmədov 2003-cü ildə də prezidentliyə namizəd oldu, amma çox az səs topladı. Həmin ilin sonlarında o, AMİP sədrliyindən və aktiv siyasətdən getdiyini elan etdi. Sonrakı mərhələdə biznes fəaliyyətinə başladığı, Bakıda bina tikintisi ilə və başqa gəlirli işlərlə məşğul olduğu deyilirdi.

 

 

Aydın Aslan
Globalinfo.az

Paylaş: