“Bir sıra Avropa ölkələrində getdikcə daha böyük narazılıq formalaşır. Söhbət yerli xalqların maraqlarına zidd olan və vergi ödəyicilərinin vəsaitlərinin maliyyə nəzarəti və hesabatlılıq baxımından ciddi suallar doğuran proqramlara yönəldilməsinə səbəb olan siyasətdən gedir”.
Globalinfo.az xəbər verir ki, bunu İrəvan Ağsaqqallar Şurasının “Ana Ermənistan” fraksiyasının üzvü Sarkis Ter-Yesayan deyib.
O, burada maraqlı bir ziddiyyətin olduğunu bildirib:
“İnsanlar narazılıqlarını bildirir, tənqid edir, etiraz edirlər, amma seçki günü çox vaxt yenidən narazı olduqları siyasəti həyata keçirən həmin siyasi qüvvələrə səs verirlər. Tezliklə İspaniyada seçkilər keçiriləcək. Maraqlıdır, ispan seçicilər Pedro Sançes hökumətinin yürütdüyü siyasətə necə qiymət verəcəklər?
Miqrasiya siyasəti, mənzil böhranı, mənzillərin qanunsuz zəbt edilməsi problemi, əmək bazarında rəqabətin artması, sosial yükün çoxalması – bunlar İspaniya hakimiyyətinin öz vətəndaşlarına cavab verməli olduğu məsələlərdir. Görək, İspaniya eyni siyasi kursu davam etdirəcək, yoxsa seçicilər real hesabatlılıq tələb edəcəklər”.
Sarkis Ter-Yesayan qeyd edib ki, Avropa demokratiyasının ən böyük sınağı təkcə hakimiyyəti seçmək deyil, həm də öz seçiminin nəticələrinə görə məsuliyyət daşımaqdır.
Qeyd edək ki, son zamanlar Avropanın bir sıra ölkələrində, o cümlədən Böyük Britaniya, İspaniya, İtaliya, Fransa və Niderlandda miqrasiya siyasətinə, qanunsuz miqrasiyaya və hökumətlərin qərarlarına qarşı kütləvi etiraz aksiyaları keçirilib.
Əliyar Xəlil
Globalinfo.az