4 yaşımız tamam oldu. Bu 4 ildə böyüdük, seçildik, sevildik, qəbul edildik. Bizi ciddiyə alanlar, bizdən gözləntiləri olanlar yanılmadılar. Oxucuları məyus etmədik. Yalan yazmadıq. Saxta xəbər yaymadıq. Haqqa girmədik. Şantaja əl atmadıq. Bacardıqca dürüst olduq. Yanlışımız olanda onu düzəltdik. Yanlışa bir naxış kimi baxırıq – bizə görə, səhv etmədən uğur yoxdur. Əsas odur, qərəzli deyilik.
Böyüməyə çalışırıq. Müəyyən qədər buna nail olmuşuq. Media vitrininin ön sıralarında özümüzə yer edə bilmişik. İlk gündən bizimlə yola çıxanlar bizimlədir – azalmadıq, əksinə, artdıq. Kollektivə yeni qoşulanlar var, olacaq. Globalinfo.az kollektivi bəlkə də mümkün olmayanı gerçəkləşdirə bildi bu 4 ildə. Ciddiliyə, peşəkarlığa önəm veririk. Qurduğumuz sistemi daha da mükəmmələşdirməyə çalışırıq.
Saytla bərabər sosial media səhifələrimiz inkişaf edir. Saytın üç xarici dil versiyası var. SMM qrupu formalaşdırırıq. Bir sözlə, yeni dövrün tələbləri ilə ayaqlaşmaq üçün var gücümüzlə çalışırıq.
Bizim yazılar, təhlillər Azərbaycan sərhədlərini çoxdan keçib. Yaxın-uzaq ölkələrdə “Globalinfo” oxunur, izlənir. Xarici mediada bizə istinadlar edilir. Daha da böyüyəcəyik, sağlıq olsun. Düşünürəm ki, buna haqqımız və qabiliyyətimiz çatır.
İlk gündən bizə inanan, dəstək olan hər kəsə ürəkdən təşəkkür edirik. Saytı elan edən günlər qapımızı açıb, “xeyirli olsun”a gələnləri heç vaxt unutmayacağıq. Gələ bilməyənlərin telefon zəngi, mesajları bir ömür bizim üçün qiymətli olaraq qalacaq. Ayaqda qalmamız üçün bu gün də dəstəyini əsirgəməyən dəyərli insanlara vaxtaşırı ürəyimizdə, dilimizdə “sağ olun” deyirik.
Oxuculara minnətdarıq. Onlar bizim ən etibarlı müttəfiqimiz, dəstəkçilərimizdir!
Bizim bacara bilməyəcəyimizi dörd gözlə gözləyənləri, arzulayanları, bunu həyatlarının mərkəzi istəyinə çevirənləri isə xəyal qırıqlığına uğratdıq.
4 il öncə işə başlayanda Azərbaycan hələ suverenliyini, ərazi bütövlüyün tam bərpa etməmişdi. Təsəvvür edin, 1 yaşımız ərəfəsində (2023-cü ilin sentyabrında) Qarabağda şər yuvası quran, Vətənimizin 20 faizini işğal edən seperatçıbaşıların həbs edilərək Bakıya gətirilmələri xəbərlərini, videolarını manşetdən verdik. Xankəndidən hərbi paradı canlı yayan media qurumları sırasında olduq. Qalib Azərbaycanın saytıyıq biz. Qalibiyyətdən doğulduq hər mənada… Bundan gözəl nə ola bilər?!
Dünən 4 yaşımız münasibətilə Globalinfo.az kollektivi olaraq yığışdıq, gözəl məclis keçirdik, dedik, güldük, əyləndik. Həmin tədbirdən fotoları paylaşıram. Siz bu gənclərə baxın: necə işıqlı, pozitiv, enerjilidirlər. Bu gözəl kollektivlə uğur qazanmamaq sadəcə mümkün deyil. Çünki onlar uğurun özüdürlər. Sizi çox sevirəm, sizinlə qürur duyuram, əziz Globalinfoçular. Bayramımız, 4 yaşımız mübarək olsun.
Azər Ayxan
Globalinfo.az saytının təsisçisi