istilik 11

Azərbaycanda istilik haqlarını ödəməyən binalara istiliyin verilməməsi məsələsi müzakirələrə səbəb olub. “Azəristiliktəchizat” ASC bəzi ərazilərdə abonentlərin ödənişdən kütləvi yayındığını və bunun istilik infrastrukturunun saxlanılması və təmirinə mane olduğunu bildirir.

Bir neçə sakinin borcuna görə ödənişlərini vaxtında edən digər sakinlərin də istiliyinin kəsilməsi qanunvericilik baxımından nə dərəcədə doğrudur? Qurumun belə bir qərar vermək hüququ varmı?

Globalinfo.az-a danışan hüquqşünas Əkrəm Həsənov deyib ki, bu, qanunsuzdur və istehlakçıların hüquqlarının pozulmasıdır:

“Ümumiyyətlə, mülki məsuliyyət fərdidir. Kollektiv məsuliyyət ola bilməz. Mənim günahım yoxdursa, niyə başqasının hərəkətinə görə məsuliyyət daşımalıyam? Əgər binadakı sakinlərin heç biri ödəniş etmirsə, bəli, o zaman bütün binanın istiliyini kəsmək olar. Amma hətta bir nəfər ödəniş edirsə, digərləri ödəmədiyinə görə onun istiliyini kəsmək olmaz”.

ekrem hesenov

Əkrəm Həsənov

Hüquqşünas bildirib ki, texniki imkan varsa, ödəniş etməyən konkret abonentin istiliyi dayandırıla bilər:

“Belə bir texniki imkan yoxdursa, hər bir halda “Azəristiliktəchizat” ASC məhkəməyə müraciət etməlidir. Qurum həmin vətəndaşlardan həm əsas borcu, həm də faizləri məhkəmə qaydasında tələb edə bilər. Əgər bütün binanın istiliyini dayandırsalar, digər sakinlər də onlara vurulan maddi və mənəvi zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət edə bilərlər. Eyni zamanda, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi də məsələyə müdaxilə etməlidir. Çünki bu, istehlakçı hüquqlarının pozulmasıdır”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: