Son vaxtlar Üçüncü Dünya müharibəsi yenidən qlobal müzakirələrin mərkəzinə qayıdıb. Bir sıra beynəlxalq analitik mərkəzlər, xarici media qurumları və siyasətçilər belə bir təhlükənin getdikcə artdığını bildirirlər. Bununla yanaşı, bəzi iddialara görə, son illərdə baş verən regional müharibələr İsrail–HƏMAS, İran–ABŞ, Pakistan–Hindistan və Rusiya–Ukrayna qarşıdurmaları əslində Dünya müharibəsinin artıq başladığını göstərir.
Globalinfo.az-a danışan politoloq Elman Telmanoğlu deyib ki, hazırda dünyada klassik mənada Üçüncü Dünya müharibəsi başlamayıb:
“Çünki tarixdə dünya müharibələri dedikdə əsas güclərin bir-biri ilə birbaşa hərbi qarşıdurmaya girməsi, qlobal səfərbərlik və geniş koalisiya savaşları nəzərdə tutulur. Bu gün isə ABŞ, Çin, Rusiya və NATO arasında rəqabət kəskin olsa da, onlar hələlik birbaşa müharibədən yayınmağa çalışırlar. Bununla belə, başqa bir reallıq da mövcuddur. Dünyada eyni vaxtda bir neçə strateji münaqişə ocağı fəaliyyət göstərir və əksəriyyəti bir-biri ilə dolayı şəkildə əlaqəlidir. Məsələn, Rusiya–Ukrayna müharibəsində Şimali Koreya, İran və Qərb ölkələrinin müxtəlif formalarda iştirakı, Yaxın Şərqdə regional güclərin qarşıdurması, Çin–Tayvan gərginliyi və Cənubi Asiyada nüvə dövlətləri arasında rəqabət qlobal təhlükəsizlik sisteminin parçalandığını göstərir. Bir çox ekspertlər bu vəziyyəti artıq “hibrid dünya müharibəsi” və ya “parçalanmış dünya müharibəsi” kimi xarakterizə edirlər. Əslində isə mübahisə “müharibə var, ya yoxdur?” sualından çox, “müharibənin forması dəyişibmi?” məsələsi üzərində gedir”.
Elman Telmanoğlu
Ekspert bildirib ki, XX əsrdə dünya müharibələri tankların və orduların toqquşması idisə, XXI əsrdə buna iqtisadi sanksiyalar, enerji savaşları, kibermüharibələr, informasiya əməliyyatları və proksi münaqişələr əlavə olunub:
“Bu mənada bəzi analitiklərin Üçüncü Dünya müharibəsinin başlaması istiqamətində səsləndirdikləri fikirlər tamamilə əsassız deyil. Lakin yaxın perspektivdə tammiqyaslı qlobal müharibənin qaçılmaz olduğunu söyləmək də doğru olmaz. Nüvə silahının yaratdığı qarşılıqlı çəkindirmə mexanizmi böyük dövlətləri birbaşa toqquşmadan uzaq saxlayan əsas amildir. Ancaq risklərin artdığı da faktdır. Beynəlxalq ekspert sorğularında gələcək onillikdə böyük güclər arasında genişmiqyaslı müharibə ehtimalı ilə bağlı narahatlıqlar əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə artdığının şahidi oluruq. Nəticə etibarilə, hazırkı vəziyyəti klassik “Üçüncü Dünya müharibəsi” adlandırmaq çətindir. Amma dünya getdikcə daha çox bir-birinə bağlı regional müharibələrin, geosiyasi bloklaşmanın və qlobal qarşıdurmanın hökm sürdüyü dövrə daxil olur. Başqa sözlə, bəlkə də dünya Üçüncü Dünya müharibəsinin içində deyil, amma ona aparan təhlükəli geosiyasi mərhələdən keçir”.
Safura Bənnayeva
Globalinfo.az